VII Qlobal Bakı Forumu Azərbaycanın multikulturalizm ənənələrinin uğurlu təqdimatıdır

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin yerləşdiyi coğrafi məkan xalqlar, dövlətlər arasında birlik, həmrəylik körpüsünün formalaşmasında və möhkəmlənməsində stimulverici amil rolunu  şərtləndirir. Bu günün reallıqlarına diqqət yetirdikdə bu mühüm məqam da özünü qabarıq şəkildə büruzə verir ki,  bütün səylər  təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində  birgə yaşamanın və anlaşmanın  möhkəmləndirilməsinə yönəlib”. 

Azadinform xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə VII Qlobal Bakı Forumu ilə bağlı  KİV-ə açıqlamasında bildirib. V. Rəhimzadə qeyd edib ki, ölkəmizin ənənəvi olaraq Qlobal Bakı Forumuna ev sahibliyi müxtəlif sivilizasiyaları, dinləri bir araya gətirməsindən qaynaqlanır. Forumlar üçün dövrün, zamanın tələbinə uyğun  mövzuların  seçilməsi, iştirakçıların say tərkibinin ildən-ilə artması və sair kimi mühüm məqamlar Azərbaycan təcrübəsinin  önəmini, həmçinin ölkəmizə artan diqqət və marağı ortaya qoyur: «Belə ki, tədbirə 55 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Azərbaycanın  beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin çoxşaxəliliyi Forum üçün seçilən “Dünyanın yeni xarici siyasəti» mövzusunda daha geniş müzakirələrin aparılmasına, bu günümüzün əsas tələbi olan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşılıb, bütün dövlətlərə eyni şəkildə tətbiq olunması tələbinə  daha  geniş aspektdən baxmağa geniş imkanlar açır. Uğurlu daxili və xarici siyasəti sayəsində  beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirən, yeni-yeni dostlar qazanan Azərbaycanın istər iki, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin  inkişaf səviyyəsi məmnunluq doğurur. Ən əsası dövlətimizin xarici siyasətinin əsas prinsipi dəyişməzdir-Böyüklüyündən kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq əlaqələri qurulur”. 

“VII Qlobal Bakı Forumu Azərbaycanın multikulturalizm ənənələrinin uğurlu təqdimatıdır” deyən V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin Forumdakı çıxışına yönəldib: “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir» söyləyən cənab Prezidentimiz İlham Əliyev əsaslı şəkildə qeyd edib ki, Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub”. Dövlətimizin başçısı Azərbaycanın nümunəsində bu mühüm məqamı da qeyd edib ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. 

Baş redaktor bildirib ki,  27 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycana beynəlxalq dəstəyin yüksək səviyyədə olduğu göz önündədir: “Bunun bariz nümunəsi kimi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini qeyd edə bilərik.  VI Qlobal Bakı Forumundan ötən  bir ildə Azərbaycanın istər iqtisadi, istərsə də xarici siyasət sahəsində qazandığı uğurlara diqqət yetirsək,  bu reallıq təsdiqlənir ki,  düşünülmüş, məqsədyönlü və gələcəyə hesablanmış siyasətin uğurları davamlıdır. Azərbaycan sabitləşdirici faktor  kimi beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Azərbaycanın multikultural  dəyərlərin inkişafına töhfələrinin davamlılığı  dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə  2016-cı ilin ölkəmizdə  «Multikulturalizm İli», 2017-ci ilin isə «İslam Həmrəyliyi İli»  elan edilməsindən də  aydın şəkildə nəzərə çarpır. 2015-ci ildə ölkəmiz ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi.  Cənab İlham Əliyevin vurğuladığı kimi,  bütün bu addımlar əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli    insanlar arasında  daha böyük  anlaşmanı təmin edir. Sivilizasiyaların  qovşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə  etiraf edilən  həqiqətlərdəndir”. 

V.Rəhimzadə onu da əlavə edib ki, VII Qlobal Bakı Forumunun  mövzusu, həmçinin  panel iclaslarda müzakirə olunacaq məsələlər bir daha bu ümumiləşdirməni  aparmağa əsas verir ki, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün  səylərin birləşdirilməsi əsas amildir: “Əsas olan  budur ki, maraqlar ədalət prinsipini üstələməsin.  Maraqlar öndə  olanda  ikili yanaşmalar daha çox nəzərə çarpır ki, bu da qarşıya qoyulan məqsədlərə çatmağa  mənfi təsirini göstərir. Dövlətimizin siyasəti əməkdaşlığa, dostluğa və tərəfdaşlığa  nail olunmasına yönəlib. Atılan hər bir addımın  mərkəzində təbii ki,  insan amili dayanır.  Gələcək nəsillərə əmin-amanlıq, yüksək rifah bəxş etmək üçün təhlükəsizliyin təminatı, sülhün, əmin-amanlığın qorunması əsas şərtdir. Bu isə öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını və vahid tətbiqi mexanizminin müəyyənləşdirilməsini günün  əsas tələbinə çevirir. Dövlətimizin başçısı cənab İlham Əliyev Forumdakı çıxışında bu əminliyi ifadə etmişdir ki, məhsuldar müzakirələr və tövsiyələr tərəfdaşlığın güclənməsinə və gərginliklərin azalmasına yol açacaq”.

15.03.2019 18:10 / Baxılıb: 126 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo