Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Meta ilə görüşüb

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə görüşüb.

Azadinform xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirib. Forumun beynəlxalq miqyasda iştirakçılarının sayının artdığını bu tədbirin nüfuzunun yüksəlməsinin göstəricisi kimi dəyərləndirib. Bu Forumun beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin müzakirəsi üçün geniş imkanlar yaratdığını deyib.

Dövlətimizin başçısı TAP layihəsinə toxunaraq qeyd edib ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident İlham Əliyev vurğulayıb ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. Prezident İlham Əliyev Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini deyib.

VII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Albaniya Prezidenti İlir Meta bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verdiyini bildirib. İkitərəfli münasibətlərin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O, ölkəmizdə böyük dəyişikliklərin şahidi olduğunu deyib.

TAP layihəsinə toxunan Albaniya Prezidenti də işlərin uğurla getdiyini təsdiq edib. Prezident İlir Meta Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri, bir-birini dəstəklədikləri vurğulanıb. Qarşılıqlı ticarətin genişləndirilməsi, ixrac-idxal imkanlarının araşdırılması, biznes qurumları arasında əməkdaşlığın qurulması və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

14.03.2019 16:10 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo