Repetitorluğa maraq niyə artır?

Aygün Nəbiyeva / AZADİNFORM. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təklif irəli sürüb ki, repetitorluğun qarşısının alınması üçün müəllimlərin əməkhaqları artırılsın. O qeyd edib ki, bu çox vacibdir.

 

Bəs bu təklif necə qiymətləndirilir? 

 

Mövzu ilə bağlı Azadinform-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib ki, repetitorluq ölkə təhsilinin baş bəlasına çevrilib: "Ölkənin tam orta təhsil verən əksər məktəblərində 10-11-ci siniflər kağız üzərində “fəaliyyət” göstərir. Bəzi müəllimlərin məktəbdə faktiki olaraq gün keçirdiyini, təhsilin keyfiyyət(sizliy)ini görən valideynlər övladlarını müxtəlif vasitələrlə məktəbdən yayındıraraq əlavə imkanlardan –repetitorluqdan istifadə edirlər. Valideynlərdə belə bir fikir formalaşıb ki, dərsdənkənar hazırlıqsız ali məktəbə qəbul olmaq mümkün deyil. Buna görə də övladını gələcəkdə ali məktəb tələbəsi kimi görmək arzusu ilə yaşayan əksər valideynlər artıq 9-cu sinifdən (bəzən daha tez) onu fərdi müəllim yanına göndərirlər. Bu gün, hətta birinci sinfə getməyə hazırlaşan uşaqların valideynləri yaxşı məktəbdən çox, yaxşı repetitor tapmaq haqqında düşünürlər. Düzdür, repititor yanında hazırlığın özünü təsdiqləmiş və dünyada sınanılaraq qəbul olunmuş xidmət olduğunu iddia edənlər də var. Lakin istənilən halda, repititor yanında əlavə dərs almaq şagirdlərin, eləcə də valideynlərin böyük bəlasıdır”.

Ekspert vurğulayıb ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr yaxşı nəticə əldə etmələri inandırıcı olmaz: “Bu danılmaz faktdır. Əslində təhsildə kütləvi şəkildə repititorluq  modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə  həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin".

K. Əsədov əlavə edib ki, son vaxtlar abituriyentlərin repititorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır:   "Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repititorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər. Valideynlər isə daha uzun xidmət haqqına meyl edirlər. Yəni valideyn iki repitirora 200 manat verməkdənsə, 5 fənnə göndərir kursa, tədris mərkəzinə övladını və iki repititora verdiyi xidmət haqqını ödəyir. Bundan başqa, son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repititorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar. Şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtərəfli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər. Təəssüflər olsun ki, çox zaman repetitorluq dərslərin hesabına həyata keçirilir. Belə ki, müəllim yanına gedən şagirdlər dərslərə gəlmir, direktorla anlaşır, adları məktəbdə qeyd olunur, yalnız yoxlama olandan-olana və yaxud ayın, ya həftənin müəyyən günlərində sinif rəhbərlərinin çağırışı ilə məktəbə gəlirlər. Bu isə məktəb mühitinin dağılmasına gətirib çıxarır. Hesab edirəm ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilsə, eyni zamanda repititorluğun leqallaşması, qeydiyyata alınması prosesi baş verərsə, onların sayı, əhatə dairəsi azalar".

13.03.2019 17:48 / Baxılıb: 347 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo