Münasibətlərin normallaşdırılması baxımından bu səfərin əhəmiyyəti hədsiz dərəcədə yüksək idi

Ləman Hüseynzadə / AZADİNFORM. “Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərinin əhəmiyyətini dərk etmək üçün səfər çərçivəsində keçirilən görüşlərə ümumi nəzər yetirmək kifayətdir. Birinci vitse-prezident Fransanın baş naziri, Fransa Senatının sədri, Fransa Milli Assambleyasının sədri, Fransanın mədəniyyət və maliyyə nazirləri kimi çox mühüm siyasilərlə təkbətək görüşlər keçirməklə Azərbaycan dövlətini layiqincə təmsil edib”.

Bu fikirləri Azadinform-a politoloq Ceyhun Əhmədli Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərini şərh edərkən deyib. 

O bildirib ki, keçirilən görüşlərdə birinci xanım Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin dəyişməz mövqeyini həmsöhbətlərinin diqqətinə çatdırdı: “O, görüşlər zamanı qəti şəkildə qeyd etdi ki, Azərbaycan dövləti özünün ərazi bütövlüyünün pozulmasına əsla imkan verməyəcək. Məlumdur ki, son vaxtlar Fransa dövlətinin Dağlıq Qarabağ münaqişəsi ətrafında sərgilədiyi mövqe bizim qane etmirdi. İstər Dağlıq Qarabağda yaradılmış qondarma rejimin Fransanın ayrı-ayrı dövlət orqanları ilə qanunsuz əlaqələri, istərsə də Prezident Makronun atdığı ermənipərəst addımlar rəsmi Bakıda haqlı narazılıq yaradıb. Söz yox ki, bütün bu xoşagəlməz hallar Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrlik postuna qətiyyən uyğun gəlmir. Beləliklə, münasibətlərin normallaşdırılması, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və ayrı-ayrı sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından bu səfərin əhəmiyyəti hədsiz dərəcədə yüksək idi”. 

Politoloq əlavə edib ki, səfəri ümumilikdə səmərəli hesab edə bilərik: “Məsələn, Fransanın Milli Xərçəng İnstitutunun rəhbəri ilə görüş zamanı onkoloji xəstəliklərə qarşı mübarizədə təcrübə mübadiləsinin aparılmasına dair razılaşma əldə olundu.  Həmçinin, Fransanın iqtisadiyyat naziri ilə görüş zamanı Azərbaycan və Fransa arasında nəqliyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlığın möhkəmlənməsinə dair razılaşmanı uğurlu addım hesab etmək olar”.

13.03.2019 16:00 / Baxılıb: 607 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo