Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

AZADİNFORM. 2019-cu ilin Nəsimi ili elan olunması ilə əlaqədar tədbirlər planı çərçivəsində 12 mart 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Azadinform xəbər verir ki, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli sessiyanın məramı və məqsədi barədə məlumat verib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın olduqca əhəmiyyətli olduğunu vurğulayıb və bu istiqamətdə zəngin ədəbi xəzinəyə malik Əlyazmalar İnstitutunun daha məsuliyyətli bir öhdəçiliyə sahib olduğunu deyib. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov görkəmli alim C.Qəhrəmanovun Nəsimi divanının elmi-tənqidi mətni əsasında etdiyi “Professor Cahangir Qəhrəmanovun nəsimişünaslıq fəaliyyəti” adlı məruzəsində alimin bu yöndə fəaliyyətinin bugünkü gənc nəsimişünaslara doğru bir istiqamət olduğunu vurğulayıb. Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov “Nəsimi əsərlərinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmaları”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Hümbətova “Salman Mümtaz Nəsimi tədqiqatçısı kimi”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Nəzrin Atabəyli “Nəsimi əlyazmalarının Türkiyə nüsxələri” mövzularında məruzə ediblər. 

Tədbir digər çıxışlarla başa çatıb. 

12.03.2019 16:30 / Baxılıb: 149 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.03.2019
21.03.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo