Ağrıkəsici dərmanları qəbul edərkən diqqətli olmaq lazımdır

Aygün Nəbiyeva / AZADİNFORM. Günlük həyatımızda hiss etdiyimiz ən adi ağrılarda belə, ağrıkəsici dərmanlardan istifadə edirik. Demək olar ki, hər kəsin çantasında bu dərmanlar yer tutur. Lakin araşdırmalar göstərir ki, ən asan, əlçatan, reseptsiz satılan bu dərmanlar düzgün istifadə edilmədikdə bir sıra fəsadlara gətirib çıxara bilər.

 

Bəs bu dərmanlardan necə istifadə etmək olar? Ziyanlı tərəfləri nələrdir?

 

Mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran həkim-terapevt Vəfa Əhmədova bildirib ki, ağrıkəsici dərmanları özbaşına içmək olmaz: “Öncəliklə yaranan ağrının səbəbi araşdırılmalıdır. Məsələn, bir dəfə başın ağrıyırsa, dərman qəbul edə bilərsən. Əgər bu başağrısı, yaxud başqa yerdəki ağrılar vaxtaşırı davam edirsə, hər dəfə ağrıkəsici içib prosesi söndürmək düzgün deyil. Çünki orda başqa bir patoloji proses baş verə bilər. Ona görə də aylarla davam edən ağrılarda hər dəfə ağrıkəsici içmək sağlamlıq üçün çox ziyanlıdır. Bu səbəbdən də ilkin olaraq ağrının haradan qaynaqlandığını araşdırmaq, sonra isə ona uyğun müalicə aparmaq lazımdır”.

Ağrıkəsicilərin ziyanlı tərəfləri barədə danışan V. Əhmədova əlavə edib ki, ağrıkəsici dərmanları qəbul edərkən diqqətli olmaq lazımdır: “Ağrıkəsici dərmanları çox içmək olmaz, onun ziyanlı tərəfləri çoxdur. Çünki orqanizmdə o dərmana qarşı alışqanlıq yaranır. Nəticədə əgər xəstə başqa bir ağrı fəsadı ilə üzləşirsə, artıq o dərmanların effekti olmur. Bu zaman daha güclü təsirə, effektə malik dərmanlardan istifadə etmək lazımdır. Digər tərəfdən isə dərmanların bir sistemə xeyri olsa da, başqa bir sistemə ziyan vura bilər. Yəni uzun müddət ağrıkəsici dərmanlar içdikdə bu orqanizm üçün müəyyən fəsadlar törədir. Ağrıkəsici dərmanlar müalicə metodu deyil. Ona görə də məsləhət görərdik ki, həkim məsləhəti olmadan, özbaşına bu dərmanlar qəbul edilməsin”.

27.02.2019 15:00 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo