AzMİU-da Karyera sərgisi təşkil olunub

AZADİNFORM. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə ilk dəfə olaraq tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də universitetlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.

AzMİU-dan Azadinform-a bildirilib ki, tələbələrin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək edən universitet rəhbərliyinin təşəbbüsü ilə 70-ə yaxın dövlət qurumu, özəl şirkətlər, müəssisələr tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yerləri təklif edib.

Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, SOCAR, “Azərişıq” ASC, Bakı Metropoliteni, “Azərsu” ASC, “Zaferoğlu İnşaat” MMC, “Embawood” MMC, “Holcim”, Mətanət-A şirkəti, Azərsun Holdinq, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, Metak şirkəti, “Təmiz Şəhər” ASC, Gilan Holdinq, Akkord, “Azercell”, eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədilə təşkil olunub. AzMİU-da ilk dəfə keçirilən sərginin tələbə və məzunlarımıza karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb. “Sərgiyə universitetin əməkdaşlıq etdiyi dövlət qurumları, özəl şirkətlər, həmçinin ölkənin aparıcı müəssisələri qoşulub. Bu, çox təqdirəlayiq haldır. Bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir”.

Rektor AzMİU-da karyera və strateteji planlaşdırma şöbələrinin fəaliyyət göstərdiyini və tələbələr üçün mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil etdiyini qeyd edib. Daha sonra Gülçöhrə Məmmədova sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb.

Ümumilikdə 1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.

Qeyd edək ki, Karyera sərgisində müxtəlif şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə ediblər. Onlar tələbələrin vakant yerlərə maraq göstərdiklərini, şirkətlərin fəaliyyəti ilə tanış olduqlarını yaxşı hal kimi dəyərləndiriblər.

20.02.2019 14:45 / Baxılıb: 194 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.03.2019
21.03.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo