Bu layihə Azərbaycana iqtisadi, siyasi və maliyyə baxımından çox faydalar verəcək

Ləman Hüseynzadə / AZADİNFORM. “Cənub Qaz Dəhlizi qlobal miqyasda dünyanın ən böyük layihələrindən biridir. Bu layihə bir neçə mərhələləri özündə əks etdirir”.

Bunu Azadinform-a Milli Məclisin deputatı Tahir Kərimli bu gün keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısını şərh edərkən deyib. 

O bildirib ki, Cənub Qaz Dəhlizi Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir: “Burada 7 hökumət birbaşa iştirak edir, uzunluğu 3500 kilometrdən artıqdır. Bu, hədsiz böyük bir layihədir. Hər ilin əvvəlləri layihənin Məşvərət Şurası iclasları keçirilir və yaxşı haldır ki, bu dəfə Azərbaycanda baş tutub. Burada məqsəd “Şahdəniz” yatağının tam miqyaslı işlənməsi, Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və Trans-Adriatik Boru Kəməri vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. Burada BOTAŞ, BP, SOCAR, LUKoyl, Petronas və digər şirkətlər iştirak edir”. 

Millət vəkili əlavə edib ki, Məşvərət Şurasının Azərbaycanda keçirilməsi ölkəmizin əhəmiyyətini bir daha dünyaya nümayiş etdirir: “Azərbaycan hər zaman bu kəmərin genişləndirilməsinin tərəfdarıdır. Prezident İlham Əliyev burda iştirak edən bütün vacib qonaqları əvvəlcədən qəbul edib, eyni zamanda Avropa Komissiyasının komissarı Günter Ottingeri də qəbul edib. Bundan başqa, Azərbaycan Prezidenti özü şəxsən açılışda iştirak edərək nitq söyləyib. Cənab Prezidentin orada iştirakı böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycan üçün təkcə iqtisadi layihə deyil, həmçinin böyük bir siyasi hadisədir. Azərbaycanın önəmini bir daha dünyaya göstərir və bu gün ölkəmizin əhəmiyyəti hiss olunacaq dərəcədədir”. 

T.Kərimli qeyd edib ki, bu layihələr üzrə son tamamlama işləri aparılır: “Ümumi iclasdan sonra 3 iclas keçirilməlidir. Bunlardan biri də Azərbaycan enerji nazirinin başçılığı ilə keçirilir. Bu layihənin həyata keçirilməsinin qarşısını almaq istəyənlər, inanmayanlar vardı. Amma bütün istiqamətlərdə müsbət nəticələr var, müvəffəqiyyətlə başa çatdırılması üzrə vahid rəy var. Hesab edirəm ki, bu gələcəkdə Azərbaycan üçün iqtisadi, siyasi və maliyyə baxımından çox faydalar verəcək. Azərbaycan cəmiyyəti də bunu birbaşa özləri hiss edəcəklər”.

20.02.2019 13:26 / Baxılıb: 386 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.03.2019
    21.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo