Aİİ-nin rektoru tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb

AZADİNFORM. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov bu gün tədris və elmi tədqiqat təcrübəsinə yollanan tələbələrlə görüşüb.

Aİİ-dən Azadinform-a verilən məlumata görə, institut rəhbəri tədris və elmi tədqiqat təcrübələrinin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu bildirib. Tələbələrə uğurlar arzulayan rektor onlara öz tövsiyələrini bildirib, təcrübə müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb. 

Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb. 

C.Məmmədov qeyd edib ki,  rəhbərlik etdiyi İnstitutun cəmiyyət və dövlət qarşısında böyük məsuliyyəti və öhdəliyi vardır. Aİİ-də Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək məqsədilə yüksəkixtisaslı kadrlar hazırlanmalıdır.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov bildirib ki, elmi-tədqiqat fəaliyyəti tələbələr üçün böyük əhəmiyyət daşıyır. M.Mürsəlov elmi-pedaqoji təcrübənin mahiyyətindən, tələbələrə qazandırdığı təcrübədən, eyni zamanda təcrübənin keçirilmə qaydalarından danışıb.

Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova elmi-tədqiqat təcrübəsinin təşkili və keçirilməsi haqqında məlumat verib. O qeyd edib ki, Aİİ-də əyani formada təhsil alan magistrantlar ixtisas kafedralarında dörd həftə təcrübə keçəcəklər.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat üzrə təhsil alan tələbələri tədris, magistratura üzrə təhsil alan tələbələr isə elmi-tədqiqat təcrübəsinə başlayıblar.

Qeyd edək ki, təcrübələr fevral ayının 18-dən martın 16-dək davam edəcək. 

Tədbirdə elmi-pedaqoji təcrübənin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

18.02.2019 15:48 / Baxılıb: 208 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.04.2019
21.04.2019
20.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo