Sumqayıtda abadlıq-quruculuq və avtomobil yollarının təmiri üçün 3 milyon manat ayrıldı

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Azadinform xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində sosialyönümlü bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlamış, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılmış, 67 min yeni iş yeri açılmışdır. Bundan başqa, şəhər ərazisində geniş abadlıq-quruculuq işləri aparılmış, o cümlədən şəhər avtomobil yolları yenidən qurulmuş, çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi, lift təsərrüfatının yenidən qurulması sahəsində əsaslı işlər görülmüş, 106 hektar ərazidə dənizkənarı bulvar-kompleksi salınmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

18.02.2019 15:03 / Baxılıb: 134 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo