Silahlı münaqişə zonalarında hər il 100 min uşaq öldürülür

AZADİNFORM. “Uşaqları qoru” beynəlxalq humanitar təşkilatının bu gün yaydığı hesabatda bildirilir ki, son beş ildə qlobal silahlı münaqişələr nəticəsində 500 min uşaq öldürülüb. Bu, münaqişə zonalarında hər ili 100 min, gündəlik isə 300 azyaşlının həlak olması deməkdir.

Azadinform təşkilatın saytına istinadla xəbər verir ki, hesabatda uşaq ölümü hallarının ən çox rast gəlindiyi ölkələrin Əfqanıstan, Yəmən, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Suriya, İraq, Mali, Nigeriya və Somali olduğu bildirilir. Qeyd olunur ki, məhz bu ölkələr 2017-2018-ci illərdə ən qızğın münaqişə ocaqları olub.

Hesabat müəllifləri diqqətə çatdırıblar ki, həyatını itirən azyaşlılar təkcə birbaşa silahlı atışmalar nəticəsində ölənlər deyil. Onların bir çoxu silahlı münaqişə zonalarında hökm sürən aclıq, xəstəliklər, xəstəxanaların çatışmaması nəticəsində ölürlər. Sənəddə deyilir: “Ölən uşaqların sayı son beş ildə 870 min nəfər artıb və onların beşdəbiri beş yaşına çatmayanlardır. Silahlı münaqişələrin şiddətlənməsi və əhatə dairəsinin genişlənməsi, həmçinin uşaqların hüquqlarının pozulması halları da ölümlərin artmasına təsir edir”.

Təşkilatın hesabatında qeyd olunur ki, uşaqlardan başqa, son beş ildə münaqişə zonalarında 175 min nəfər döyüşçü də həlak olub.

18.02.2019 15:30 / Baxılıb: 133 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.04.2019
    21.04.2019
    20.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo