Aİİ-də Xocalıda məhv olmuş 8 ailə filmi nümayiş etdirilib

AZADİNFORM. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən lentə alınan “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi keçirilib.

Aİİ-dən Azadinform-a verilən məlumata görə, tədbirdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin  Əhmədov, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova, Aİİ rəhbərliyi, İnstitutun müəllim və tələbə heyəti iştirak edib.

Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə anılıb.

Aİİ rektoru Ceyhun Məmmədov mərasim iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncama və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na əsasən, tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. C.Məmmədov bildirib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi yeddi il ötür.

O, həlak olmuş şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycan Dövlətinin qayğı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov  çıxış edərək bildirib ki, hədəfimiz Xocalı soyqırımı həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Professor qeyd edib ki, bu səpkili tədbirlər, anım mərasimləri Azərbaycan xalqının sıx birliyini, şəhidlərinin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əzmini nümayiş etdirir.

“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova tədbirdə çıxış edərək faciənin ictimaiyyətə çatdırılmasında,  sosial və siyasi aspektinin mahiyyətinin gənclərə aşılanması istiqamətində “Xocalıda məhv olmuş 8 ailə” filminin lentə alındığını bildirib. O qeyd edib ki, “Xocalını, xocalılı günlərimi heç vaxt unutmuram. İlk dəfə əlimə qələm alıb qəzetçilik edəndən bu günədək  Xocalıdan, onun başına gətirilən müsibətlərdən, böyüklü-kiçikli şəhid olmuş günahsız insanlardan, igid oğul və qızlarından yazıram. Gücüm çatdıqca, əlim yetdikcə, bu qətliamı dünyaya yaymaq üçün çalışıram”. 

Sonra S. Cəfərova filmin lentə alınma məqsədi, Xocalı mövzusunda sənədli filmlərin araya-ərsəyə gəlməsi haqqında məlumat verib.

Qeyd edək ki, tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində törətdiyi soyqırımından bəhs edilmiş filmin nümayişi keçirilib, Aİİ tələbələrinin iştirakı ilə bədii hissə davam etdirilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na əsasən, 26  fevral 2019-cu il tarixdə ali təhsil müəssisəsində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.

18.02.2019 14:30 / Baxılıb: 240 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
25.05.2019
24.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo