Qayda pozuntularının qarşısını almaq daha çox nəticə verə bilər

Aygün Nəbiyeva / AZADİNFORM. 2018-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib. Bu cərimələr 3409,7 min inzibati xəta nəticəsində təyin edilib və yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artıb.

Azadinform xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, əsas xətalar yol nişanlarının tələblərinə riayət edilməməsi, işıqforun qadağanedici işarəsində hərəkətin davam etdirilməsi ilə bağlıdır.

 

Bəs bu cür qəzaların qarşısını almaq üçün nə kimi tədbirlər görmək olar?

 

Mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Hüseyn Abdullayev bildirib ki, ümumiyyətlə, ən çox cərimələrin yazıldığı sahə sürət həddinin aşmasıdır: “Lakin yazılan cərimələrin sayının artması çox nadir hallarda qayda pozuntularının azalmasına gətirib çıxarır. Ümumilikdə Dövlət Yol Polisi cərimələrin sayının çoxalmasından daha çox qayda pozuntularının qarşısını almaqla məşğul olmalıdır. Təbii ki, cərimələrin yazılması da bir üsuldur. Lakin birinci dərəcəli vəzifə qayda pozuntularının qarşısının alınmasıdır. Bəzən isə DYP onunla deyil, yalnız cərimələrin tətbiqi ilə məşğul olur”.

Ekspert əlavə edib ki, DYP yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlərlə məşğul olması daha yaxşı olardı: “Amma qeyd etdiyim kimi cərimələr səmərəli şəkildə yazılmalıdır. Amma bütün bunlarla yanaşı, qayda pozuntularının qarşısını almaq daha çox nəticə verə bilər”.

12.02.2019 16:16 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo