Şərəf və ləyaqətin alçaldılmasına görə - 1000 manatdan 1500 manatadək cərimə

Aygün Nəbiyeva / AZADİNFORM. Müasir dövrdə hamı internet istifadəçisinə çevrilib. Artıq hər kəs mobil telefon, kompyuter və yaxud planşet kimi elektron vasitələrlə informasiyalardan yerindəcə xəbər tutmaq imkanına malikdir. Lakin internetin belə əlçatan olmasından sui-istifadə edənlər də az deyil. Hamımız sosial şəbəkələrdə bu cür hallarla qarşılaşırıq.

Belə ki, məşhur şəxslərin, yaxud da dövlət adamlarının şəkilləri hazırlanır və demədikləri fikirlər onların adından paylaşılır. Həmin şəkillər, yazılar müxtəlif səhifələrdə yayımlanır, istifadəçilər tərəfindən müxtəlif şərhlər, hətta təhqiredici fikirlər bildirilir.

Bəs sosial şəbəkələrdə təhqir yazanlara və ya hər hansı tanınmış şəxsin şəkillərinin, yaxud da fikirlərinin başqa formaya salaraq yayan şəxslərə qarşı hüquq normaları çərçivəsində nə kimi tədbirlər görülə bilər?

 

Bu barədə Azadinform-a danışan Vəkillər Kollegiyasının üzvü Azər Nağıyev bildirib ki, son illərdə dünyada, eləcə də Azərbaycanda ictimaiyyətin internetdən istifadəsi geniş vüsət alıb: “Bu gün internet mediası yazılı mətbuata nisbətən daha geniş yayılıb. İnsanlar da öz fikirlərini məhz internetdə, sosial şəbəkələrdə yaymağa üstünlük verir. İnternet azadlığından istifadə edib hər hansı bir şəxsin kimisə təhqir etməsi isə yolverilməzdir. Hər bir internet istifadəçisi həm özünün, həm də digər şəxslərin şərəf və ləyaqətini alçaldacaq qanunazidd addım atmaqdan çəkinməli, təhqirə yol verməməlidir. Təhqir sözü heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə, həqarət, alçalma, alçaltma mənalarını daşıyır”.

Vəkil əlavə edib ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21.02.2014-cü il 3 saylı qərarına görə, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır: “Qeyd edilən qərarda şərəf, ləyaqət və nüfuz sözlərinə hüquqi anlayışlar da verilib. Belə ki, həmin qərara görə, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün-özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur”.

A.Nağıyev vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin birinci hissəsinə görə, insan ləyaqəti qorunur və ona hörmət edilir: “Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insan şərəf və ləyaqəti ən yüksək qanunumuz olan – Konstitusiya ilə qorunmaqdadır. Qanunvericilikdə şəxsin istər öz ad, soyadı, profili ilə, istərsə də, saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək təhqir etməsinə görə məsuliyyət nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148.1-ci maddənin qeyd hissəsinə görə, “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Təhqirlə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət nəzərdə tutulur. Hər bir insan şərəf və ləyaqətinin alçaldılması halı ilə rastlaşdığı zaman məhkəməyə ərizə ilə müraciət edə bilər”.

11.02.2019 16:38 / Baxılıb: 363 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo