İran Qarabağ problemi ilə bağlı məsələdə daha dəqiq mövqe nümayiş etdirməyə başlayıb

Ləman Hüseynzadə / AZADİNFORM. “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində İranın mövqeyinə bir az ehtiyatlı yanaşmanın tərəfdarıyam. Çünki İran özü Ermənistanla sıx əlaqələr saxlayır. Amma bir məsələni də qeyd etmək lazımdır ki, son vaxtlar İran-Azərbaycan münasibətlərində müəyyən dəyişiklikləri görməmək mümkün deyil”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, İran Azərbaycanla münasibətləri istiləşdirməyə, daim yüksək səviyyəyə qaldırmağa çalışır və Qarabağ problemi ilə bağlı məsələdə daha dəqiq mövqe nümayiş etdirməyə başlayıb: “Bu yaxınlarda İran ordusunun Baş Qərargah rəisi Azərbaycanda olarkən çox açıq bir surətdə İranın birmənalı mövqeyini çatdırdı. Bildirdi ki, onlar Dağlıq Qarabağa Azərbaycanın tərkib hissəsi kimi baxır və bu məsələdə onların mövqeyi dəqiqdir. İranda ordu amilini qiymətləndirmək lazımdır və oranın Baş Qərargah rəisi azərbaycanlıdır. Azərbaycanlı bir şəxs İran siyasətinə təsirdə önəmli rol oynayır. Əlbəttə ki, İranın ali ruhani lideri Xamneyi və digərləri həmişə Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdiriblər. Bu mənada hesab edirəm ki, son vaxtlar proseslər daha da möhkəmlənib və iqtisadi sahələrdə də ciddi yaxınlaşmalar müşahidə edilir (məsələn, Şimal-Cənub dəmir yol dəhlizinin tikilməsi). Bu istiqamətdə Azərbaycan İranla sıx əməkdaşlığa gedib, hətta dəmir yolunun Astaradan Rəştə qədər çəkilən hissəsinə dövlətimiz tərəfindən İrana təxminən 400 milyon dollara yaxın kredit verilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan-İran münasibətləri yaxşı istiqamətdədir və bu münasibətlər Ermənistanın təhlükəsizlik fəaliyyəti olmasa yüksələn xətt üzrə inkişaf edə bilər”. Politoloq əlavə edib ki, fevralın axırlarında Ermənistanın baş naziri Nikol Paşinyanın İrana rəsmi səfəri gözlənilir: “Bu kontekstdə Tehranda olacaq görüşlər və səsləndiriləcək bəyanatların bizim üçün əhəmiyyəti böyükdür. Ümid edirəm ki, İran tərəfi ölkənin Baş Qərargah rəisinin Azərbaycanda söylədiyi fikirlərdən geri çəkilməyəcək və onun mövqeyini müdafiə edəcək. Hər halda Azərbaycan İran üçün daha böyük əhəmiyyət kəsb edir və İran bunu diqqətə almalıdır”.

11.02.2019 14:22 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo