Professor Qara Məşədiyev - 80

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun professoru Qara Məşədiyev Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan alimlərimizdəndir. 

Qarşımda professorun mənə avtoqrafla bağışladığı 3 monoqrafiyası var. 

Professor Qara Məşədiyevin 2010-cu ilin may ayının 15-də mənə hədiyyə etdiyi “Azərbaycan toponimlərinin linqvistik təhlili” monoqrafiyasının ilk səhifəsində yazılıb: “Əziz tələbəmə - Bəhram müəllimə xoşbəxtlik və cansağlığı diləyirəm! Müəllifdən kiçik bir hədiyyə! 15 may 2010” 

Bəli, iftixar hissi ilə söyləyirəm ki, professor Qara Məşədiyev mənim müəllimimdir. Xoşbəxtəm ki,  professor Qara Məşədiyevin mühazirələrini dinləmiş, onun Azərbaycan onomastikasına, dilçiliyimizin müxtəlif sahələrinə aid dəyərli elmi fikirlərini öyrənmişəm. 

Qara müəllimin kiçik hədiyyə adlandırdığı “Azərbaycan toponimlərinin linqvistik təhlili” monoqrafiyası əslində onun Azərbaycan onomastikasına göstərdiyi böyük xidmətlərindən sadəcə biridir. 

Qafqaz Ərazi və Tayfalarının Təsviri Materialları Məcmuəsi(SMOMPK) əsasında yazılmış bu monoqrafiya dörd fəsil, üç yüzdən artıq istifadə edilmiş elmi ədəbiyyatdan  ibarət, zəngin onomastik araşdırmaları özündə ehtiva edən  dilçilik əsəridir.

Müəllif bu əsərdə SMOMPK məcmuəsində qeydə alınmış Quba, Alpout, Muğan, Qarxun, Şirvan, Şamaxı, Gəncə, Bərdə, Salyan, Xınalıq, Çiçi, Kolasar, Dərəçiçək, Adur, Göyçə kimi yer-yurd adlarımızı tarixi-linqvistik aspektdən tədqiq etmişdir.Əsərdə həmçinin Azərbaycanın hidronimləri –Araz, Vəlvələçay, Gilgilçay, Kirpiliçay, Adır-Su çayı, Oxçu çay kimi çay adlarının etimologiyası izah olunur.

Professor Qara Məşədiyevin bağışladığı ikinci kitabı “Bakı küçələri: Adlar və Talelər” adlanır. 2013-cü ildə nəşr olunmuş bu kitaba professor Qara Məşədiyev belə bir avtoqraf yazmışdır: “Elmdə öz yerini tapan, dəyərli tədqiqatları ilə hamını maraqlandıran, insani xüsusiyyətləri özündə cəmləşdirən ən bacarıqlı, ən savadlı tələbəmə – filologiya üzrə fəlsəfə doktoru adını almaq üçün dəyərli tədqiqat işini tamamlayan Bəhram müəllimə yeni-yeni uğurlar arzusu ilə! Q.Məşədiyev21.10.2013.” 

Professorun sevimli tələbəsi olmaq, dəyər verdiyi tələbəsi olmaq gözəl bir duyğudur. Alim dostları, həmkarları, yetirmələri, doktorantları, tələbələri haqqında ürək dolusu danışan, onları səxavətlə tərifləyən Qara Məşədiyev təvazökarlıqdan  özü haqqında danışmağı sevməz, Azərbaycan dilçiliyi qarşısında göstərdiyi böyük xidmətləri nəzərə almaz. Əslində, bir alim, bir müəllim kimi təqdimatı elə onun kitablarıdır. 

“Bakı küçələri: Adlar və Talelər” monoqrafiyası  professor Qara Məşədiyevin zəngin yaradıcılığının aynasıdır. Əsərdə Bakı şəhərinin müstəqillik dövründə formalaşmış urbonimlər sistemi tədqiq olunur. 

Monoqrafiyanın adı da məzmunla səsləşir. Bakı şəhərinin Nərimanov, Səbail, Nəsimi rayonlarını əhatə edən küçə və prospektlərin həm keçmiş adı, həm də müstəqillik dövründə dəyişdirilmiş adları, onların yaranma tarixi, dəyişdirilmə səbəbləri və digər məsələlərin izahı monoqrafiyanın əsas məğzini təşkil edir.

Monoqrafiyanın elmi dəyəri qədər mənəvi dəyəri də vardır. Oxucu dilçi olmasa, dilçiliyin onomastika bölməsi ilə tanış olmasa belə, sətirlər arasında öz keçmişini, gəncliyini, uşaqlığını arayır. 

“Bakı küçələri: Adlar və Talelər” monoqrafiyasında rast gəldiyim” Beynəlmiləl”, “2-ci İppodrom”, “11-ci Zavağzal”, “Sverdlov” kimi keçmiş küçə adları atamın Bakı haqqındakı xatirələrini yada salır. Doğurdan da, yaşlı sakinlər Bakı küçələrini köhnə adları ilə tanıyır, bu, təbiidir. Keçmiş küçə adları həm də tariximizin bir parçasıdır. 

Monoqrafiyada elə küçə adları vardır ki, onların adları 2 dəfə, hətta 3 dəfə dəyişdirilmişdir, diqqət yetirək; ”keçmiş adları: 8-ci Dağlıq küçəsi; Kasparov küçəsi, Nigar Rəfibəyli döngəsi, Yeni adı: Möhsün Sənani küçəsi”(səh.83). 

Paytaxt sakinlərinin bir çoxu küçələrin məhz bu adı daşıdığı vaxt anadan olub, bu adı daşıyan küçələrdə oynayıb, məktəbə, universitetə, işə küçələr bu adı  daşıyan zaman getmişdir, Bakıya təhsil almağa gələn tələbələrin bir çoxu köhnə adı daşıdığı zamanlarda bu küçələrdə kirayə mənzil axtarıb. Bütün bunlar Bakının tarixi ilə yanaşı, insanların da həyat tarixçəsidir. 

Eyni zamanda, monoqrafiyada 1988-ci ildən 1998-ci ilə qədər keçmiş 10  il ərzində Bakı şəhərində ayrılıqda 4 meydanın, 10 bağ və parkın, 20-yə yaxın prospektin, 80-dən artıq küçənin və 50-yə qədər döngənin adının dəyişdirilməsi kimi tarixi-onomastik faktlar əks olunmuşdur.

Professor Qara Məşədiyev 3-cü əsərini  mənə 16 yanvar 2019-cu ildə bağışlayıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görüşdük,  80 yaşlı, qəlbi yazıb-yaratmaq eşqi ilə döyünən professor Qara Məşədiyevlə. Yeni  əsərini soruşdum, var, - dedi və hədiyyə etdi. İlk səhifəsinə belə yazdı: “Elminə və insanlığına qibtə etdiyim tələbəmə ən xoş arzularla, can sağlığı arzusu ilə kiçik bir hədiyyə. 16.01.2019.” 

Tələbəm sözünün qarşısına ən isti, ən gözəl bədii təyinləri yazmaq professorun əzəmətidir, vüqarıdır, tələbələrinə sevgisidir, inamıdır, onun yazdığı təyinlərə layiq olmaqsa, bizim üçün şərəfdir.

“Azərbaycan dilində ayamaların izahlı lüğəti (dialekt materialları əsasında)”əsəri Azərbaycan dilinin onomastik tədqiqatlarında bir ilkdir. Onomastikanın ən çətin sahələrindən, hətta deyərdim ki, keçilməmiş yollarındandır. 

Azərbaycan dilinin zəngin lüğət fondu olan dialekt və şivələrimizdən ayamaları(ləqəbləri) seçmək, növlərə ayırmaq, onların etimoloji izahını verərək mənalarını izah etmək və bütün bunları təkcə mövcud dialektoloji lüğətlərdən deyil, birbaşa ilkin mənbədən toplamaq, həqiqətən də, gərgin zəhmət, geniş elmi potensial və alim yanaşması tələb edir. 

Əsərdə təqdim edilən ayamaların leksik-semantik və struktur xüsusiyyətləri əhatəli şəkildə şərh olunur, ləqəblərin konkret mənsub olduğu bölgələr qeyd edilir.

Diqqəti cəlb edən məqamlardan biri də budur ki, müəllif təkcə Respublikamız ərazisində rast gəlinən ayamaları deyil, həm də qədim Azərbaycan torpağı olmuş Dəmir qapı Dərbənddə  hazırda işlənən ləqəbləri  də tədqiqata cəlb etmişdir. “Assı Tofiq, Anğa Qasım, Gicgah Pəri” kimi ayamalar Dərbənd və ətraf kəndlərdə el arasında işlədilən ləqəblərdəndir. Əsərdə Dərbəndlə yanaşı, ilhaq olunmuş qədim yurd yerlərimizdən olan Meğridən seçilən ayamalar da var: “Əndəsiz Nəbi, Əsnəy Hilal, Hasıl Mahir və s.” ləqəblər bu qəbildəndir. 

Müəllif əsərdə ayamaların təsviri ilə məhdudlaşmamış, ayamaların yayılma areallarını da təqdim etmişdir.

Professor  Qara Məşədiyevin bu il 80 yaşı tamam olur.

Ömrünün 50 ilindən çoxunu Azərbaycan dilinin tədqiqinə, tədrisinə, Azərbaycan onomastikasının öyrənilməsinə və təbliğinə həsr edən, dağ vüqarı, əzəmətli görünüşü, sakit təbiəti, həlim xasiyyəti ilə həmkarlarının, Azərbaycan elmi ictimaiyyətinin, tələbələrinin könlünü fəth etmiş professor Qara Məşədiyevə, müəllimimə, 80 yaşında möhkəm can sağlığı arzulayıram, Uca Tanrıdan arzu edirəm ki, yazsın, yaratsın, dəyərli məsləhətləri ilə doktorantlarına, tələbələrinə hər zamankı kimi arxa-dayaq olsun, yazacağı yeni əsərlərlə bizləri sevindirsin...

Bəhram Cəfəroğlu 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, 

filologiya üzrə fəlsəfə doktoru 

11.02.2019 13:40 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo