Kızılelma. Türk-İslam Cihan Hakimiyeti Ülküsü kitabı nəşr olunub

Samir Soltanov/AZADİNFORM. Türkiyəli yazar və araşdırmaçı alim Dr.Muhsin Kadıoğlunun “Kızılelma. Türk-İslam Cihan Hakimiyeti Ülküsü” kitabı (İstanbul, 2019) Türk Dünyası Araştırmaları Vakfı tərəfindən nəşr olunub. 

Azadinform xəbər verir ki, yaradıcılığı boyu çoxsaylı məqalə və kitablarında türkçülüyün müxtəlif məsələlərini araşdıran, dünyanın fərqli ölkələrində, dünya mədəniyyəti nümunələrində türk izlərini öyrənən yazar bütün türk  və islam dünyası üçün əhəmiyyətli cəhətləri ortaya qoyan “Qızıl Alma” kitabı ilə bir daha uğurlu bir işə imza atıb. Uzun əsrlik və zəngin ənənələri olan Qızıl Alma ideyası XX əsrdə Ziya Gökalp və Ömər Seyfəttin tərəfindən yenidən ön plana çəkilib. M.Kadıoğlu mövzunu araşdırmaq üçün geniş tarixi-müqayisəli təhlillər aparıb, Qızıl Alma ideyasının formalaşması, simvolu, tarixi, müxtəlif mədəniyyətlərdə və türk xalqlarında Qızıl Alma ideyasını yaradan milli-mənəvi, tarixi-mifoloji, ədəbi-mədəni cəhətləri, yunan, Bizans, Roma, macar, İspaniya, alman, polyak, Fransa mədəniyyəti və tarixində, islam və xristianlıqda Qızıl alma ideyasını tədqiq edib. 

Osmanlı mənbələri və ayrı-ayrı türk xalqlarının ədəbiyyatında da Qızıl Alma düşüncəsi öyrənilərək Evliya Çələbinin məşhur “Səyahətnamə” əsərində mövzu ilə bağlı məsələlər geniş şəkildə təhlilə cəlb olunub. Qızıl Alma məbəd, cami və sarayları da kitabda ətraflı təhlil və təsvir olunur. Ziya Gökalp, Ömər Seyfəttin və Çingiz Aytmatovun görüşlərində Qızıl Alma ideyası da ayrıca bir fəsildə araşdırılıb. Kitabın əhatə etdiyi problemlər və istiqamətlər çeşidli olduğu kimi mövzunun işlənməsinin müasir əhəmiyyətinə də xüsusi önəm verilib. M.Kadıoğlu türk-islam cahan hakimiyyəti – Qızıl Alma ideyasına həsr etdiyi kitabında əsərin çağdaş düşüncəyə xidmət edəcəyini xüsusi vurğulayıb və onu oxucularına təqdim edib: “Zaman dəyişib. İnsanların hər baxımdan inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən yenidən Qızıl Almadan söz edərkən dini müharibələri çağı və ya Fatehlər dövrü fəlsəfəsi ilə düşünə, davrana bilmərik. O halda İslamı yaymaq və millətimizi güclü etmək, məzlumlara qol-qanad vermək hədəfini ifadə edəcək şəkildə Qızıl Almaya müasir bir anlam yükləmək və müasir dövrün Qızıl Alma düşüncəsini ortaya qoymaq aydınların vəzifəsidir”.  

Qeyd edək ki, kitabın redaktorları həmyerlimiz, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva və Dr.Neşe İşıkdır.

11.02.2019 11:06 / Baxılıb: 300 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo