ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

Adəm Abbaslı/AZADİNFORM. 1 000 000-cu “ASAN Viza” sahibi Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında qarşılanıb.

ASAN-dan Azadinform-a verilən məlumata görə, bu viza Fransa vətəndaşı Louis Henri Samoyaulta verilib. 1 000 000-cu vizanın sahibi kimi Louis Henri Samoyaulta “ABAD” tərəfindən xüsusi hədiyyə və Şahdağ Turizm Mərkəzinin istirahət vauçeri təqdim olunub.

Sonra L. H. Samoyault “ASAN xidmət” mərkəzi ilə tanış olub, mərkəzlərin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb. Həmçinin qonaq “ABAD” publik hüquqi şəxs, ASAN Radio ilə də tanış olub.  

Qonaq “ASAN Viza” vasitəsi ilə elektron viza alma prosesindən məmnunluğunu bildirib, “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyun 2016-cı il tarixli Fərmanı əsasında yaradılan “ASAN Viza” sisteminin idarə edilməsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir. 

Qeyd edək ki, “ASAN Viza” sistemi www.evisa.gov.az elektron viza portalı və Azərbaycan ərazisində yerləşən Beynəlxalq Hava Limanlarında vizaların verilməsinin təmin olunması istiqamətləri üzrə fəaliyyət göstərir.

Ümumilikdə “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir. “ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları 9 dildə fəaliyyət göstərir. Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin edilir. Özünəxidmət terminalları ilə yanaşı xüsusi pəncərələr vasitəsi ilə viza verilməsi və bank xidmətləri də həyata keçirilir.

2018-ci ildə ölkə üzrə vizaların verilməsinin 80 faizi məhz "ASAN Viza" sistemi vasitəsi ilə təmin edilib.

11.02.2019 10:07 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo