Rayon və kəndlərdə yol infrastrukturu necədir? Sorğu

Aygün Nəbiyeva / AZADİNFORM. Ölkəmizdə yol infrastrukturunun inkişafı vacib amillərdəndir. Yol hər hansı bir cəmiyyətin mədəniyyət və yaşam tərzini formalaşdıran mühüm şərtlərdən biridir. Azərbaycanın həm rayon, həm də kənd və qəsəbələrinə çəkilən yollar dövlətin bu sahəyə necə həssas yanaşması haqqında qəti fikirlər formalaşdırır. Bundan başqa, yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl, həmçinin keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişaf göstəricilərindən xəbər verir.

Son illər Prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur. 

 

Bəs kənd rayonlarının sakinləri avtomobil yollarından razıdırlarmı?

 

 

Beyləqan rayonu Dünyamalılar kənd sakini Tural Abdullayev qeyd edib ki, əvvəllər xüsusilə Bakıya gediş-gəlişdə avtomobil yollarında narahatlıq yaşayıblar: “Artıq hər bir rayon sakininə xoşdur ki, bu cür vəziyyətlə qarşılaşmırlar. Rayonlardan üzü Bakıya doğru, həmçinin əks istiqamətdə aparılan təmir-bərpa işləri, çəkilən yollar sayəsində gediş-gəlişdə heç bir əziyyət çəkmirik. Bundan başqa, Beyləqanda bir neçə kəndlərarası avtomobil yolları da təmir edilib. Eyni zamanda ölkə başçısının bu yaxınlarda “Beyləqan rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” verdiyi Sərəncam bizi çox sevindirdi. Həmçinin Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolu uzun illər idi ki, təmir edilmirdi. Bura ayrılan diqqət nəticəsində aparılan yenidənqurma işlərinin artıq yekunlaşdığını görürük. Bu yol da istifadəyə verildikdən sonra avtomobillə hərəkət rahat şəkildə bərpa olunacaq”. 

 

 

Bərdə rayon sakini Cəsarət Qənbərli bildirib ki, bu gün beynəlxalq standartlara cavab verən magistral yollarımız ölkənin simasını başdan-başa dəyişdirib: “Sevindiricidir ki, avtomobil yollarının  tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Doğulub böyüdüyüm Bərdə rayonunda bu inkişafın şahidi oluram. Şəhərdaxili yollarda təmir-bərpa işləri aparılıb, küçələrə yeni asfalt örtüyü çəkilib. 100-dən çox kəndin əsas yolları rahat gediş-gəliş üçün əlverişli vəziyyətə gətirilib. Bu hal isə həm yerli sakinlər, həm də qədim Bərdə diyarını ziyarət edən hər kəs üçün xoş təəssürat oyadır”.

 

 

Cəlilabad rayonu Təzəkənd kənd sakini Şahmar Aslanzadə vurğulayıb ki, əvvəl kəndin yolu çox bərbad imiş: “Kiməsə bir dəfə qonaq gələn ikinci dəfə gəlmirdi. “Hər dəfə zəng edib yolu düzəltdilərmi?, - deyə soruşurdular. Maksimum 3 dəqiqəlik yolu 30-40 dəqiqəyə gəlirdik. Kənd sakinləri yolun kənarında durub söhbət edərkən tozda boğulurdular. Maşın minimum sürətlə hərəkət etsə də, yenə də toz qalxırdı. Bunu da insanlar normal qarşılamırdı. Bəzən örüş yolundan istifadə edirdik. Nəticədə avtomobillər tez sıradan çıxırdı. Demək olar ki, hər ay təmir etdirməyə məcbur olurduq. Bu gün isə çox rahatlıqla bu yollardan istifadə edirik. Bizim kəndlə yanaşı qonşu kəndlərə də gediş-gəliş yaxşılaşıb. Yol özü də bir mədəniyyətdir. Ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında bizim yollar düzəldildi. İndi nə özümüz, nə də maşınımız əziyyət çəkmir”.

 

 

Gəncə şəhər sakini Vüsal Mamedov isə əlavə edib ki, burada yollar çox yaxşıdır: “Gəncə qədim və ölkənin ən böyük ikinci şəhəridir. Bura xüsusi ilə yay aylarında turistlərin ən çox baş çəkdiyi yerdir. Gəncə şəhəri günü-gündən abadlaşdırılır. İstər yolları, istərsə də memarlıq baxımından şəhərdə xüsusi olaraq hazırlıqlar aparılıb. Əlbəttə, yol boyu da qədimilik, tarixilik qorunub saxlanılıb. Belə ki, şəhərin girişindən başlayaraq içəri yollar, kənd yolları yenidən çəkilmişdir. “Şəhidlər Xiyabanı”, Gülüstan yaşayış massivində “İstiqlal” parkı, Yevlax-Gəncə avtomobil yolu, Gəncə şəhərini qəsəbələri ilə birləşdirən avtomobil yolları yenidən qurulub. Gəncədə “Göy-göl” rayonu istiqamətindəki yollarda təmir-bərpa, tikinti-quruculuq işləri görməklə rahat gediş-gəliş bərpa olunub”.

5.02.2019 11:55 / Baxılıb: 459 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo