Dalğalansın hər zaman Azərbaycan bayrağı!

Diplomatiya tarix boyu hər bir dövlət üçün xüsusi əhəmiyyətli fəaliyyət sahəsi olub. Dövlətçilik tarixi müəyyən mənada diplomatiya tarixi ilə sıx bağlıdır. Diplomatik fəaliyyət dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq miqyasda yerinin, rolunun, ümumiyyətlə, imicinin və mövqeyinin formalaşdırılmasında olduqca mühüm rol oynayır.


Danılmaz faktdır ki, bu gün müstəqil Azərbaycan dövlətçiliyi öz varlığına görə ulu öndər Heydər Əliyevə borcludur. Xalqın təkidli tələbi ilə Ümummilli Liderin yenidən hakimiyyətə gəlişi dövlətin nəzəri-praktiki əsaslarının formalaşdırılmasına imkan yaratdı. Ümummilli Lider ərazi bütövlüyü pozulmuş, müharibə şəraitində olan və müxtəlif istiqamətlərdən gələn təhlükələrlə üz-üzə qalmış ölkənin qarşısında duran çoxsaylı vəzifələrin həllini təmin etdi. Heydər Əliyev müstəqil dövlət quruculuğunun bütün incəliklərini dəqiq müəyyənləşdirdi, böyük uzaqgörənliklə xarici siyasətin əsas prinsiplərini və istiqamətlərini konkretləşdirdi.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin kursu uğurla inkişaf etdirməkdədir. Azərbaycan diplomatiyasının qısa zaman ərzində beynəlxalq səviyyədə əldə etdiyi uğurların əsas səbəbi də məhz xarici siyasətdə varisliyin təmin edilməsi və Heydər Əliyev kursunun müasir reallıqlara uyğunlaşdırılmaqla tətbiq olunmasıdır.

Bu gün dövlətimizin başçısının xüsusi diqqət yetirdiyi sahələrdən biri də diplomatik fəaliyyətdir. Prezident İlham Əliyevin 2007-ci il avqustun 24-də imzaladığı Sərəncamla hər il iyulun 9-u Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Keçən  il 28 May – Respublika Günü münasibətilə təşkil edilmiş rəsmi qəbuldakı dərin məzmunlu və proqram xarakterli nitqində dövlətimizin başçısı Azərbaycan diplomatları qarşısında yeni vəzifələr müəyyənləşdirib. Bu vəzifələrin reallaşdırılması Azərbaycanın son 28 il ərzində qazandığı uğurları daha da gücləndirməyə imkan verəcəkdir. Bütün bunların fonunda müstəqil Azərbaycan diplomatiyasının keçdiyi yolun təhlili ötən illər ərzində əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və perspektivlərin müəyyənləşdirilməsi baxımından faydalı olardı.

Hər bir xalq özünün dahi şəxsiyyətləri və siyasətçiləri ilə fəxr edir. Nümunə üçün, türklər Atatürk, ingilislər Çörçil, fransızlar de Qol, amerikalılar Ruzvelt, almanlar Adenauer ilə qürur duyurlar.

Azərbaycan xalqı isə özünün ümummilli lideri Heydər Əliyevlə fəxr edir. Heydər Əliyev bütövlükdə dünya diplomatiyası tarixində xüsusi imzası olan lider olub. Bu böyük şəxsiyyət çox çətin və mürəkkəb tarixi-geosiyasi şəraitdə Azərbaycanın müstəqil dövlət quruculuğu konsepsiyasını işləyib, onun xarici siyasətinin strateji məqamlarını müəyyənləşdirib və diplomatik fəaliyyəti ilə onu reallaşdırmağın səmərəli nümunəsini göstərib.

Özünəməxsus ənənələrə malik olan Azərbaycan diplomatiyasının zəngin tarixi vardır. Qafqaz Albaniyasının balanslaşmış diplomatiyası, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu və Səfəvi dövlətlərinin diplomatik fəaliyyətləri Azərbaycanın diplomatiya tarixinin şərəfli səhifələrindəndir. Nəzərə almaq lazımdır ki, Azərbaycan coğrafi baxımdan mühüm mövqedə yerləşdiyindən daim gərgin geosiyasi mübarizələrin meydanı olub. Tarixi İpək Yolu üzərində yerləşməsi ölkənin beynəlxalq maraq dairəsində olmasını şərtləndirib. Bunu təsdiq edən maraqlı faktlardan biri Ağqoyunlu Uzun Həsənin dövründə Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynamasıdır. Bu prosesdə həmin dövrdə bütün Şərqdə yeganə qadın diplomat Sara Xatunun əvəzsiz xidmətləri olub.

Azərbaycan ərazisindəki xanlıqlar da ciddi diplomatik fəaliyyət göstərmişlər. Onlar bu üsulla bir müddət varlıqlarını qoruya bildilər. Lakin bütövlükdə dünyada cərəyan edən geosiyasi proseslərin xarakteri və formaları sürətlə dəyişirdi. Azərbaycan ərazisindəki xanlıqlar müxtəlif səbəblərdən birləşə bilmədilər. Azərbaycanın çar Rusiyasının tərkibində olduğu dövrdə isə hər hansı diplomatik fəaliyyət mümkün deyildi. Yalnız 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu fəaliyyət bərpa olundu. Artıq 1919-cu ildə Bakıda 16 xarici dövlətin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi.

Azərbaycanın SSRİ tərkibinə daxil edilməsi ilə diplomatiya tariximizin də tənəzzül dövrü başladı. Müəyyən formal istisnaları çıxmaq şərti ilə 1991-ci ilədək Azərbaycanın müstəqil diplomatik fəaliyyətindən danışmaq olmur. Lakin onu da unutmaq olmaz ki, sovet dövrü Azərbaycana Heydər Əliyev kimi böyük siyasi xadim, əvəzsiz lider və mahir diplomat yetişdirdi. Məsələnin bu tərəfinin ayrıca tədqiqə ehtiyacı vardır.

Beləliklə, XX əsrdə yenidən müstəqilliyinə qovuşan Azərbaycanın qarşısında dövrün tələblərinə uyğun xarici siyasət kursunu müəyyənləşdirmək və onu reallaşdırmaq üçün əsaslandırılmış diplomatik fəaliyyət konsepsiyası formalaşdırmaq vəzifəsi dururdu. Bu vəzifənin öhdəsindən Ümummilli lider Heydər Əliyev böyük ustalıqla gəldi. Azərbaycan diplomatiyasının son 28 ilini əhatə edən təcrübəyə nəzər saldıqda, bunu aydın görə bilərik. Azərbaycan diplomatiyasının 28 ildə keçdiyi yolu təhlil edən mütəxəssislər vurğulayırlar ki, ölkəmiz bu istiqamətdə ciddi uğurlar əldə edib. Bu nailiyyətlərin obyektiv və elmi təhlili bir çox maraqlı məqamları üzə çıxarır.

İlk növbədə, dövlətçilik baxımından çox əhəmiyyətli sayılan bir incə məqamı vurğulamaq istərdik. Azərbaycan müstəqilliyini bərpa etmiş ölkələr sırasında siyasi-diplomatik fəaliyyətdə varislik prinsipini həyata keçirən nadir ölkələrdəndir. Müstəqil siyasi-diplomatik fəaliyyətin prinsipləri və çərçivələri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir. Lakin nəzərə almaq lazımdır ki, indiki tarixi mərhələdə geosiyasi, iqtisadi, energetik, hərbi, diplomatik, siyasi mühit sürətlə dəyişir və bu vəziyyətdə çevik və düzgün qərarlar qəbul etmək böyük ustalıq tələb edir. Bu vəzifənin öhdəsindən yalnız yüksək siyasi hazırlığı, liderlik keyfiyyəti, qətiyyəti, diplomatik məharəti, strateji təfəkkürü olan siyasətçi gələ bilər. Prezident İlham Əliyev məhz həmin keyfiyyətləri sayəsində istənilən mürəkkəb şəraitdə varislik prinsipinə tam əməl etməklə ən düzgün addımları atır.

Bu özəlliyin Azərbaycan dövlətçiliyinə verdiyi böyük töhfələr göz qabağındadır. İlham Əliyevin diplomatik məharəti neft strategiyasının qüsursuz reallaşmasında və bütövlükdə dövlətçilik mənafelərinin təmin olunmasına yönəlmiş müstəqil xarici siyasətin daim uğurla həyata keçirilməsində müstəsna rol oynamaqdadır. Dövlətimizin başçısı nüfuzlu beynəlxalq təşkilatların tribunalarından, müxtəlif yüksək səviyyəli sammit və konfranslarda böyük diplomatik ustalıqla Azərbaycanın milli maraqlarını qətiyyətlə ifadə və müdafiə edir. Belə fəallıq sayəsində beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi birmənalı şəkildə dəstəklənir, Ermənistanın təcavüzkarlığını təsdiq edən sənədlər qəbul olunur.

Bütün bunlar bir daha göstərir ki, siyasi-diplomatik fəaliyyətdə varislik ciddi nailiyyətlərə yol açır. Burada həm ənənə davam etdirilir, həm də meydana çıxan istənilən situasiyada milli dövlətçilik xəttinə və reallığa uyğun addımlar atmaq mümkün olur. Azərbaycanın müstəqillik dövründə diplomatik fəaliyyət istiqamətlərini təhlil edərkən bu mühüm təməl prinsipini qətiyyən yaddan çıxarmaq olmaz. Heydər Əliyev uzaqgörənliyini, milliliyini, dövlət quruculuğu prosesinin bütün sahələrini dərindən bilən bir dühanın yaratdığı siyasi-diplomatik fəaliyyət kursunu ancaq onun layiqli varisi inkişaf etdirə bilər.

Prezident İlham Əliyev ən yüksək tribunalardan Heydər Əliyevin dövlət quruculuğu xəttini, müstəqil dövlətçilik strategiyasını daim inkişaf etdirəcəyini söyləyib. İndi Azərbaycan rəhbərliyinin əsas vəzifəsi həmin xətti qorumaqla onu dəyişən dünyanın tələblərinə uyğun reallaşdırmaqdan ibarətdir. Dövlətimizin başçısının həmişə bu mövqeni ifadə etməsi, onun, sözün həqiqi mənasında, layiqli varis və müasir tələblərə cavab verən siyasi lider olduğunu sübut edir.

Son 28 il ərzində Azərbaycan uğurlu və şərəfli yol keçib. Ölkə bu müddətdə beynəlxalq hüququn müstəqil subyekti və suveren dövlət kimi formalaşıb. Məhz bunun nəticəsidir ki, bu dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin dünyada nüfuzunu artırıb.

Bu, heç də təsadüfi deyildir. Bu gün Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış, çoxvektorlu, bərabərhüquqlu əməkdaşlığın, milli maraqlara əsaslanan praqmatik siyasi kursun əsasını Heydər Əliyev qoyub. Bu prinsipləri daha da inkişaf etdirən Prezident İlham Əliyev isə artıq bütün dünya üçün maraqlı olan yeni inkişaf modeli təqdim edir. Bu modelin əsas xüsusiyyəti inkişafın yeni mərhələsində "qara qızıl"ın insan kapitalına çevrilməsindən ibarətdir.

Xarici siyasət sahəsində əldə edilən uğurlar ayrıca vurğulanmalıdır. Bu kontekstdə bir məqama daha çox diqqət yetirilməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Bu, o deməkdir ki, Azərbaycan apardığı həm daxili, həm də xarici siyasət ilə beynəlxalq arenada böyük rəğbət qazanıb. Ölkəmiz BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub, Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik edib. Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan antiterror koalisiyasının fəal iştirakçısıdır. Hərbçilərimiz bu gün Əfqanıstanda NATO-nun komandanlığı altında xidmət edirlər. Həmçinin Azərbaycanın Əfqanıstana yükdaşımalara çox böyük töhfəsi var.

Göründüyü kimi, Azərbaycan diplomatiyası ötən 28 ildə çoxşaxəli fəaliyyət göstərib. Onun fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional təhlükəsizliyin təmin olunması, terrora qarşı mübarizədə beynəlxalq koalisiyanın tərkibində fəal iştirak və nəqliyyat-enerji sahəsində sıx əməkdaşlıq məsələləri prioritet olub. Bu sırada diplomatiya tariximizə qızıl hərflərlə yazılmalı olan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xüsusi qeyd etmək gərəkdir. Müəyyən dairələrin əngəllərinə baxmayaraq, ölkəmiz BMT-nin 155 üzvünün səsini ala bilib! Şübhə yoxdur ki, bu uğurun arxasında gərgin və geniş əhatəli diplomatik fəaliyyət durur.

Azərbaycan diplomatiyasının özəlliyi aspektində bir sıra mütəxəssislərin vurğuladığı bir məqam da maraqlıdır. Prezident İlham Əliyev ölkənin müsəlman dünyası ilə xristian dünyası arasında bir körpü rolunu oynadığına dair müxtəlif kontekstlərdə fikir bildirib. O cümlədən Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü olmasına diqqəti yönəldib. Bu fakt özlüyündə çox məqamlardan xəbər verir. Belə ki, müstəqilliyini yenicə bərpa etmiş bir müsəlman ölkəsi iki mühüm beynəlxalq təşkilatda ciddi və səmərəli fəaliyyət göstərə bilir. Sivilizasiyalar arasında müəyyən ziddiyyətlərin mövcud olduğu bir mərhələdə bu, asan iş deyil.

Məsələ ondan ibarətdir ki, əsas məqsəd sadəcə beynəlxalq qurumlara üzv olmaqla məhdudlaşmır. Hər bir təşkilatda fəallıq göstərmək, təşəbbüslər irəli sürmək və dünya təhlükəsizliyinə töhfə vermək lazım gəlir. Azərbaycan diplomatiyası bu çətin vəzifənin öhdəsindən uğurla gəlir. Bakıda bir-birinin ardınca sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında əməkdaşlığa və dialoqun təşkilinə aid mötəbər beynəlxalq tədbirlər təşkil edilir.

Ayrıca olaraq, Azərbaycanın təşəbbüsü ilə "Bakı prosesi", Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu keçirilir. Bu, Azərbaycanın multikulturalizm dəyərlərinə, beynəlxalq dialoq və dinlərarası anlaşmaya nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Eyni zamanda, Heydər Əliyev Fondunun bu istiqamətdə çox böyük əhəmiyyəti olan proqramları reallaşıb ki, bütün dünya bunu etiraf edir. Həmin kontekstdə UNESCO xətti ilə həyata keçirilən tədbirlərin xüsusi yeri vardır.

Bütün bunlar ötən 28 ildə Azərbaycanın dünyanın 179 ölkəsi ilə diplomatik münasibətlər qurması, xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 91 diplomatik missiya təsis etməsi fonunda baş verib. Hazırda Bakıda 53 səfirlik, 4 baş konsulluq, 12 fəxri konsulluq və 12 beynəlxalq təşkilatın daimi nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir, həmçinin Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir və bu əlaqələri inkişaf etdirir.


Kamran Behbudov,

ADA Universitetinin professoru

31.01.2019 17:41 / Baxılıb: 1713 / Çap
 
Bu bölmədə
17.04.2019
Axına qarşı
 Xəbər lenti
24.04.2019
23.04.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo