Qobustan haqqındakı videoçarx böyük rezonansa səbəb oldu

AZADİNFORM. Qədim tarixə malik Azərbaycan bu qədimliyini sübut edən abidələrlə zəngindir. Bu diyarda hansı daşı qaldırsan altından müəyyən bir tarixi dövrü əks etdirən elementlər çıxır. Ölkəmizdə arxeoloji qazıntıların başladığı gündən saysız-hesabsız abidələr çıxıb üzə torpağın dərin qatlarından. Tək altı deyil, üstü də tarixin başladığı zamanla yaşıddır sanki Odlar Yurdu Azərbaycanın. Bizi dünyaya tanıdan tarixi abidələrlə zəngin olan yerlərdən biri də Qobustan qayalarıdır. Qobustan deyəndə ilk olaraq ağlımıza “Yallı” rəqsinin ifasını xatırladan qayaüstü rəsmlər və hər səsində, hər ritmində bir tarix yaşadan Qavaldaşı gəlir. Amma sən demə bununla bitmir Qobustanın tarixi. Bilmədiyimiz tərəfləri var imiş bu ərazinin. Elmi tədqiqatlar nəticəsində kəşf olunan təsvirlər və təsvirli daşlar var burada. Bunu biz demirik. Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev müsahibəsində deyir:

 

- Bilirik ki, Qobustan abidələrlə zəngindir. Bu abidələri qısa şəkildə necə təsvir etmək olar?


- Qobustan qoruğu qayaüstü rəsmlərin, mədəni landşaftın qorunması, tədqiqi və təbliği məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 503 nömrəli 9 sentyabr 1966-cı il tarixli Qərarı ilə yaradılıb.

Qoruq əsasən  üç dağın – Böyükdaş, Kiçikdaş və Cingirdağın yerləşdiyi 4535 hektar  ərazini əhatə edir. Açıq səma altında olan muzeydə qayaüstü rəsmlər, təsvirlər, Qavaldaş kimi tarixi abidələrimiz qorunur. Ümumiyyətlə, Qobustan Milli Tarixi-bədii Qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ, həmçinin qoruqdan kənarda yerləşən Şonqar və Şıxqaya dağları ərazilərində müxtəlif arxeoloji abidələr qeydiyyatdadır. Hazırda Qobustan ərazisində 20 mağara və yaşayış yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb və öyrənilib. Nəticə olaraq, 1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir və 105 000 ədəd arxeoloji material qoruğun fonduna daxil edilib.

 

 

- Hazırda qoruq ərazisində elmi tədqiqat işləri hansı istiqamətdə davam etdirilir?


- Hazırda 2016-cı ildən icrasına başlanılmış “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinin ilkin mərhələsi yekunlaşmaq üzrədir. Layihənin məqsədi Qobustan qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasının və yeni kataloqunun yaradılması üçün qoruq ərazisindəki təsvirli daşların yenidən sənədləşdirilməsidir. İlkin olaraq, 2016-cı ildən başlayaraq Cingirdağ-Yazılıtəpə sahəsində yerləşən abidələrin sənədləşdirilməsinə başlanılıb.

Yeni, müasir metodların tətbiqi nəticəsində əvvəllər 877 təsvirin qeydə alındığı Cingirdağ-Yazılıtəpə ərazisində 521 yeni təsvir və 14 yeni təsvirli daş da aşkar edilib. 

Bundan əlavə qoruğun sərhədlərindən kənarda, Cingirdağ ərazisində yerli əhalinin “Sona qaya” adlandırdığı qayalıqda, kompleks halda 29 daşda 100-dən artıq xətlərlə bir-birinə birləşdirilmiş yalaqlar, damğalar və abstrakt qayaüstü işarə və simvollar aşkar edilib.

 

 

- Qoruqda turistlər üçün hansı marşrutlar mövcuddur?


- Ölkə başçısı cənab Prezident İlham Əliyevin və vitse-prezident, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi səyi nəticəsində 29 iyun 2007-ci il tarixində Yeni Zenlandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət Tarixi-bədii Qoruğu YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Qobustan qayaüstü incəsənətinin bəşər tarixi və yaradıcılığının öyrənilməsində özünəməxsusluğu və əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 iyun 2007-ci il tarixli sərəncamı ilə qoruğa Milli qoruq statusu verilib. Ölkə başçısının digər, 4 mart 2011-ci il tarixli 1380 nömrəli sərəncamı əsasında Qobustan Milli qoruğunun yeni binası və müasir texnologiyalarla təchiz edilmiş yeni muzey istifadəyə verilib. Məhz bu sərəncamların nəticəsində qoruğun Böyükdaş dağı ərazisində turizm fəaliyyətinin göstərilməsi üçün infrastruktur yaradılıb.

Hazırda Qobustanda turistlər üçün Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan – interaktiv turu” da fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir.


- Ötən 2018-ci il Qobustan qoruğu üçün nə ilə yadda qaldı?


- Bu yaxınlarda, bildiyiniz kimi, Qobustanda aşkar olunmuş Tunc Dövrü oyun təsviri haqqında Amerikanın milyonlarla izləyicisi olan sciencenews.org və livescience.com elmi portalları, həmçinin onlara istinad edərək yüzlərlə mətbuat orqanları xəbər hazırladı. CNN travel səyahət portalında Qobustan haqqında videoçarxın təqdim olunması da böyük rezonansa səbəb oldu. Bütün bunlar Qobustanın dünyada daha da tanınmasına və ziyarətçilərin artmasına səbəb olur.

Həmçinin ötən il ərzində qoruğa gələn ziyarətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə bir çox abadlıq işləri görülüb.

2018-ci ildə Qobustanı görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır: Əcnəbi ziyarətçilər, əsasən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, Honq-Konq, İtaliya və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunan Fici adaları, Dominikan Respublikası kimi ölkələrdən də turistlər təşrif buyurur.

22.01.2019 14:26 / Baxılıb: 761 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo