Misir KİV-ləri 20 Yanvar faciəsindən yazır

AZADİNFORM. Azərbaycanın Misirdəki səfirliyi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirir.

Azadinform xəbər verir ki, tədbirlər çərçivəsində səfir Tural Rzayevin faciə ilə bağlı məqaləsi Misirin nüfuzlu KİV-lərində (Yaxın Şərq Xəbərlər Agentliyi, Asiya Əl-Yaum Xəbərlər Agentliyi, Əl-Əhram, “Egyptnewnews”, “Shababalnil”, “Al-Vasila”, “Al-Nasheer” və s. qəzetlər) işıqlandırılıb.

Səfir məqalədə Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsindən, 80-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və 20 Yanvar faciəsinə aparan yoldan bəhs edib. O, keçmiş SSRİ-nin prezidenti M.Qarbaçovun əmri ilə sovet qoşunları tərəfindən 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı hadisələr barədə ətraflı məlumat verib. 20 Yanvar hadisələrində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın kütləvi cəzalandırma kimi qiymətləndirildiyi qeyd edilib.

T.Rzayev 20 Yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu bildirib. O, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulayıb və 20 Yanvar əməliyyatı nəticəsində 147 insanın qətlə yetirildiyi və 700-dən çox insanın yaralandığı barədə məlumat verib.

20 Yanvarla bağlı müxtəlif məqalələr, xəbərlər Misirin digər kütləvi informasiya vasitələrində də dərc edilib.

17.01.2019 17:23 / Baxılıb: 385 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo