Azərbaycanda korrupsiya ilə bağlı 17 nəfər vəzifəsindən azad edilib

Samir Soltanov/AZADİNFORM. “Keçən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb, cinayət xarakterli 310 material araşdırılıb. Həmin materialların 222-si (71,7 faiz) üzrə cinayət işi başlanıb, 88 (28,3 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”. 

Azadinform xəbər verir ki, bunu bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurumun ötənilki fəaliyyətinin yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib. Kamran Əliyev qeyd edib ki, korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədilə yaradılan və Baş İdarə ilə vətəndaşlar arasında mühüm dialoq vasitəsi rolunu oynayan 161 – “Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub: “Həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilərək vətəndaşların pozulmuş hüquqları bərpa olunub. Aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”.

K. Əliyev vurğulayıb ki, ötən il Azərbaycanda korrupsiya ilə bağlı 278 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib: “2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub”.

K. Əliyevin sözlərinə görə, Azərbaycanda korrupsiya ilə əlaqədar 25 vəzifəli şəxsə xəbərdarlıq olunub, 17 nəfər vəzifəsindən azad edilib: “Əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, 32 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə məhkəmələrə göndərilib. Araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq, 16 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 157 təqdimat göndərilib”.

15.01.2019 10:51 / Baxılıb: 394 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo