Ovucda böyüdülən gələcək...

Eşqin Nuruşov/AZADİNFORM. Zamanla uşaqların böyüdülmə, tərbiyə olunma üsulları tamamilə dəyişir. Keçmişdə ailələr çoxuşaqlı olurdu, hətta bəzi evlərdə uşaqların sayı 10-u keçirdi. Uşaqlar günlərinin əksər hissəsini çöldə təsərrüfat işləri ilə məşğul olmaq, birlikdə oyunlar oynamaqla keçirərdilər.

Beləcə “canlarını bərkidirdilər”. Bir sözlə, nə atanın, nə ananın o uşaqlardan “xəbərləri olmurdu”. Bu gün isə hər ailədə 1-2 uşaq olur. O uşaqlar da “getmə gözümdən, gedərəm özümdən” prinsipi ilə böyüdülür. Təbii ki, valideyndir və öz övladını qoruması, əzizləməyi normaldır. Amma hər şeyin də öz yeri, dərəcəsi var.

Müşahidələr onu göstərir ki, kənddə böyüyən uşaqlarla şəhər uşaqları arasında da fərq var. Əyalət uşaqları öz yaşıdları ilə çöllərdə oynayırsa, şəhər uşaqları evdə bir televizor, telefon yaxud planşetə məhkum edilir.


Maraqlıdır ki, valideynlər niyə uşaqları dözümlü yox zəif, zərif böyüdürlər?


Sosioloq Asif Bayramov bildirib ki, bu gün Azərbaycanda gənclərin fiziki cəhətdən daha dözümlü böyüməsi üçün kifayət qədər imkanlar var: “Dövlətimiz tərəfindən demək olar ki, bütün bölgələrdə Olimpiya İdman Kompleksləri inşa edilir. İdmanın fiziki sağlamlıqda rolu danılmazdır.  Eyni zamanda ailədə oğlanın və ya qızın hansı dünya görüşündə böyüməsi daha çox o ailənin daşıdığı mentalitetlə bağlıdır. Doğrudur, qərb dünya görüşünün və qloballaşmanın təsirindən yetərincə mənəvi - milli dəyərlərimiz, xüsusən əxlaqi dəyərlərimizdə aşınma prosesi başlayıb. Bu aşınma prosesi artıq müasir gənclikdə də özünü göstərir. Əlbəttə ki, bu faktla yanaşaraq demək olar ki, bizim kişilik, mərdlik, oğlan və qız vəziyyətləri haqqında ənənəvi anlayışlarımız xeyli zədələnib. Artıq bir çox gənclər bu kimi fəzilətləri olduğu kimi qəbul edə bilmirlər. Çünki onların böyüdüyü mühit əvvəlki nəsillərdən fərqli olaraq, mahiyyətcə həmin əxlaqi dəyərləri mükəmməl şəkildə onların xarakterinə ötürə bilmir. Burda cəmiyyətin böyük rolu var. Buna görə Milli Televiziya və Radio Şurası başda olmaqla, bizim efir mədəniyyətimizin yenidən qurulması və onun inkişafının strateji proqramının əsas prinsiplərinin konsepsiyasını işlənilib hazırlanaraq ortaya qoyulması lazımdır. Təəssüflər ki, Milli Məclisin deputatları tərəfindən verilişlərimizin bayağılığının milli əxlaqımıza zidd olması və s. bu kimi iradların tutulmasına baxmayaraq, bu günə qədər milli efirimizdə televiziya verilişlərinin milli əxlaqlara uyğunlaşdırılması ilə bağlı hər hansı ciddi addım atılmayıb. Hesab edirəm ki, bu məsələyə dövlət səviyyəsində müdaxilə edilməli və milli mentalitetimizə uyğun olan dövlət proqramı yaradılmalıdır”.

A.Bayramov söhbətinə şəhər və kənd uşaqlarını fərqləndirən cəhətlərdən danışaraq davam edib: “İstər əyalət, istərsə də şəhərin özünün iqtisadi sosial infrastrukturu var. Əyalətdə böyüyən uşaqlarda fiziki əməyə, şəhərdə böyüyəndə isə zehni əməyə sevgi daha çoxdur. Bununla belə əyalətdə böyüyən insanda milli-mənəvi dəyərlər daha çox qorunub saxlanılır. Xarici əxlaqi element oranın dünya görüşünün içərisində əriyə bilmir. Məsələn, sənin qərbdən gətirdiyin hər hansı bir əxlaqi dünya görüşü əyalətdə reallaşa bilməz. Çünki orda kifayət qədər ictimai qınaq var. Şəhər mühitində isə ictimai qınaq yoxdur. Şəhərdə şortik geyinib gəzmək olar. Amma kənddə şortiklə gəzəndə fiziki təzyiqlər də görmək ehtimalın var”. 


Belə böyüdülən uşağın psixologiyasında hansı problemlər ola bilər?


Psixoloq Aytac Abbasbəylinin fikrincə hər bir insanın fiziki duruşu onun psixoloji duruşundan xəbər verir: “Hazırda cəmiyyətdə uşaqların zərif olmasının səbəbi 2 faktorla bağlıdır. Burda sosial mühit faktoru əsas amillərdən biridir. Sosial mühit dedikdə ailəni və cəmiyyəti nəzərdə tuturuq. Çünki bu, bizim psixoloji sabitliyimizə və özgüvənimizin formalaşmasına da kömək olur. Məsələn, ailədə bəzi uşaqlar var ki, yeniyetməlik yaşlarında çox sıxılırlar. Burada fiziki zəiflik yaranır. Bu əslində özgüvənsizlikdən xəbər verir. Fiziki zəifliyin kökündə özgüvənin əskikliyi durur. Bir də sağlam qidalanma faktorun qeyd etməliyik. Bizim psixoloji cəhətdən güclü olmağımız əslində fiziki cəhətdən güclü olmağımıza gətirib çıxara bilər. Fiziki cəhətdən güclü olsaq belə əgər psixologiyamız sabit deyilsə, onsuz da zəifləyəcəyik. Eyni zamanda valideynlər uşaqları dəstəkləmək və müstəqillik vermək əvəzinə daha çox sıxırlar. “Ora getmə yıxılarsan”, “Sənin işini mən edərəm, sən narahat olma” kimi fikirlərlə uşaqları böyüdürlər. Sonra yeniyetməlik yaşında qapıdan çölə çıxanda uşaq cəmiyyətə daxil olanda artıq qorxur, çəkinir. Qorxu - çəkingənlik də uşaqda zəiflik yaradır. Düşünürəm ki, valideynlər uşaqlarda özgüvənlik və fiziki güc yaratsalar hər ikisinin sabitliyi bizi gələcəkdə güclü bir nəslin formalaşmasına gətirib çıxara bilər. Biz uşaqları idmana yazdırmaqla kifayətlənirik, amma onlara mənəvi güc vermirik. Güclü olmaq heç də bədənin təkcə güclü olması deyil. Fiziki güclülük psixoloji güclülükdən xəbər verir”.

11.01.2019 13:25 / Baxılıb: 478 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo