ABŞ-ın Rusiyaya və Fransaya təzyiqi Qarabağ münaqişəsində dönüş yarada bilər

Ləman Hüseynzadə / AZADİNFORM. “ATƏT-in təşkilat olaraq, yaxud Minsk qrupunun 2019-cu ildə müstəqil şəkildə hər hansı aktivliyinin olacağı inandırıcı deyil. Əksinə, daha çox Minsk qrupunun həmsədrləri arasında qarşıdurmanın, ziddiyyətlərin dərinləşəcəyi gözlənilir ki, bu da həm proseslərə dinamika qata, eyni zamanda onun həllini çətinləşdirə bilər”.

 

Bu fikirləri Azadinform-a Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın Vyanada brifinq zamanı Dağlıq Qarabağla bağlı çıxışını şərh edərkən deyib. 

O bildirib ki, ABŞ və Rusiya, eləcə də ABŞ və Fransa arasında ziddiyyətlərin kəskinləşəcəyi, regionda geosiyasi qarşıdurmanın güclənəcəyi, bunun isə Qarabağ probleminin həm diplomatik müstəvidə, həm də qoşunların təmas xəttində olan vəziyyətə təsirsiz ötüşməyəcəyi gözlənilir: “Xüsusilə, Ermənistan və onun baş naziri Paşinyan üzərində təzyiqlərin artacağı dəqiqdir. O, həm ABŞla Rusiyanın, həm də Fransanın, Qərbdəki erməni diasporasının, daxildə müxalif qüvvələrin təzyiqləri ilə üzləşəcək, Qarabağdakı separatçı rejimlə fikir ayrılıqları son dərəcə gərginləşəcək. Paşinyan bu il daha çox hakimiyyətinin möhkəmlənməsi qayğısına qalacaq. Çünki Qarabağ məsələsində güzəştə getmək planları onun hakimiyyətinin sonu ola bilər. Ehtimal ki, Qarabağ danışıqlarında konstruktiv mövqe tutub işğala son vermək istəsə də o, çox böyük maneə ilə qarşılaşacaq. Azərbaycanla sülh danışıqlarında imitasiya deyil, böyük sülh sazişinə imza atmaq və tarixdə sülhə nail olmuş erməni lider kimi qalmaq istəyirsə, Paşinyan ilk növbədə daxili ictimai rəyi və xaricdəki diasporanı sülhə hazırlamalıdır”. 

Politoloq əlavə edib ki, ATƏT-in Minsk qrupu deyil, ABŞ-ın Rusiyaya və Fransaya təzyiqi Qarabağ münaqişəsində dönüş yarada bilər: “ABŞ-ın Rusiya üzərində təzyiq imkanlarını son illərdə müşahidə etmişik. Lakin Fransaya konkret Qarabağ problemində təzyiq isə məsələn, Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi ola bilər”. 

Qeyd edək ki, Miroslav Layçak ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcəyini bildirib: “Biz Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmaları prosesində yaradılmış imkanlardan istifadə etmək və Erqnetidə (Gürcüstan) İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizminin fəaliyyətini bərpa etmək istiqamətində işimizi davam etdirəcəyik”.

10.01.2019 17:23 / Baxılıb: 334 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo