Aİİ ilk Fəxri doktor diplomunu təqdim edib

AZADİNFORM. Bu gün Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “29 Mayıs” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaça ali təhsil müəssisəsinin “Fəxri doktor”u diplomunun təqdim edilməsi mərasimi təşkil olunub.

Aİİ-dən Azadinform-a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Aİİ rəhbərliyi, müəllim və tələbə heyəti, Bakı Dövlət Universitetinin Ərəb dili filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin Din işləri üzrə müşaviri Kamil Günəş, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu iştirak edib.

Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, müvafiq Sərəncama əsasən, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edildiyini vurğulayıb. 

Aİİ rəhbəri Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin siyasəti hazırda böyük uzaqgörənliklə və məqsədyönlü surətdə davam etdirdiyini vurğulayıb. 

C.Məmmədov Təyyar Altıkulaç haqqında ətraflı məlumat verib. O, iki qardaş ölkə arasında din sahəsində qarşılıqlı əlaqələrin inkişafında Təyyar Altıkulaçın böyük xidmətlərini, həmçinin tükənməz səylərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. İnstitut rəhbəri Türkiyəyə səfərindən, orada keçirilən işgüzar və səmərəli görüşlərdən də bəhs edib. 

Gündüz İsmayılov mərasimdə bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident cənab İlham Əliyevin AZƏRBAYCANÇILIQ ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir. Məruzəçi bu mərasimin təşkilini və Azərbaycan İlahiyyat İnstitutunun ilk fəxri doktorunun məhz  Təyyar Altıkulaçın seçilməsinin təsadüfi olmadığını qeyd edib. 

Mərasimdə İnstitut Elmi Şurasının 4 yanvar (Protokol 1) Qərarı ilə “29 Mayıs” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaça Azərbaycan İlahiyyat elminin inkişafında və Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə, Aİİ-nin “Fəxri doktor” diplomu təqdim edilib.

Daha sonra Təyyar Altıkulaç Azərbaycana bağlılığından bəhs edib. Azərbaycanın  uğurları ilə hər zaman fəxr etdiyini söyləyən Təyyar Altıkulaç göstərilən diqqət və qayğıdan, etimaddan  qürur duyduğunu bildirərək ehtiramını ifadə edib. O, İlahiyyat fakültəsinin formalaşmasında keşməkeşli 26 illik zəhmətini, yorulmaz fəaliyyətini mərasim iştirakçılarının nəzərinə çatdırıb. T.Altıkulaç İlahiyyat fakültəsinin daha da inkişaf edib, İnstitut kimi fəaliyyət göstərməsini və ilk “Fəxri doktor” diplomunun məhz ona  təqdim edilməsindən şərəf duyduğunu söyləyib.

Bakı Dövlət Universitetinin Ərəb dili filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev hazırda ilahiyyat sahəsində layiqli şəxsiyyətlərin yetişməsində, onların düzgün formalaşmasında 26 illik fəaliyyətinin olduğunu qeyd edib. Akademik vurğulayıb ki,  hər zaman Azərbaycanın  yanında olan qardaş və dost Türkiyə Dövlətinin bu istiqamətdə xidmətləri böyükdür. O qeyd edib ki, İnstitut Azərbaycan İlahiyyat elminə layiqli töhfələrini verəcəkdir. 

Türkiyənin Azərbaycandakı Səfirliyinin Din işləri üzrə müşaviri Kamil Günəş Dr. Təyyar Altıkulaçı fəxri doktor adı alması münasibətilə təbrik edib. Bu şərəfli yolda Təyyar Altıkulaça nailiyyətlər arzulayıb, həmçinin onun kimi şəxsiyyəti tanımaqdan məmnunluğunu ifadə edib.

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu öz çıxışında ilahiyyat sahəsində indiyə kimi görülən işlərin nəticəsini yüksək dəyərləndirdiyini qeyd edib.

Mərasimin sonunda Dr. Təyyar Altıkulaç ali təhsil müəssisəsində yaradılan şəraiti yüksək dəyərləndirərək, İnstitutun Fəxri qonaqlar kitabına ürək sözlərini qeyd edib.

10.01.2019 16:20 / Baxılıb: 326 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.01.2019
17.01.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo