Həkimlər müştəri azlığından bu sistemi tərk edəcəklər Ekspert

Ləman Hüseynzadə / AZADİNFORM. Həmrəylik prinsiplərinə əsaslanan icbari tibbi sığorta sisteminin tətbiqi hər il bir az sürətləndirilir. Bu sosial layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Ötən illərdə sistemin 2019-cu ildə bütün ölkə üzrə tətbiq olunacağı ehtimalları yürüdülürdü.

 

Bəs bu il icbari tibbi sığorta sisteminin tam tətbiqi üçün əlverişli mühit varmı?

 

Mövzunu Azadinform-a şərh edən sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, 1999-cu ildən layihəsi hazırlanmış icbari tibbi sığorta sisteminin tətbiqi son 2-3 ildə daha da intensivləşib, qanun qəbul edilib və respublikamızın 4 rayonunda pilot layihənin tətbiqinə başlanılıb: “Dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan dövlətləri vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması üçün bu sistemdən istifadə edir. Belə ki, tibb sistemində rüşvət və korrupsiyanın aradan qaldırılması, bütün ölkə boyu vətəndaşların tibbi xidmətə əlçatanlığını təmin etmək bu xidmətin üzərinə düşür. Xüsusilə 2018-ci ildə icbari tibbi sığortaya ayrılan 224 milyon manat məbləğindəki böyük həcmli pul vəsaiti, 2019-cu il üçün bütün ölkə boyu xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi (yəni özünü idarə edən pullu xidmətə) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabe olması 2020-ci il yanvarın 1-nə bütün ölkə boyu icbari tibbi sistemə keçəcəyini sürətləndirən amillərdəndir. Belə ki, noyabr ayında ayrılan həmin məbləğlə həkimlərə ödəniləcək bonusların xüsusi proqramla həyata keçirilməsi planlaşdırılır. Belə elektron proqramlar xüsusi lisenziya və ölkə boyu xəstəxanaları əhatə etdiyindən böyük vəsaitlər hesabına başa gəlir ki, bunu da dövlət başa düşür və ayırmalar edir”. Ekspert hesab edir ki, bu sistem pilot layihədə özünü doğrultdu: “Çünki həyatı vacib əməliyyatlar və nəzərdə tutulan baza zərfi paketindəki müalicələr ölkədəki tibb sisteminə canlanma gətirəcək. Digər tərəfdən həkimlərin də məsuliyyətini bir tərəfdən artıracaq. Belə ki, yaxşı həkim seçmək ixtiyarı vətəndaşa buraxıldığından həkimlər də yaxşı həkim olmağa çalışacaq. Əks halda onlar müştəri azlığından bu sistemi tərk edəcəklər”.

10.01.2019 12:30 / Baxılıb: 576 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo