Bütün bunlar Azərbaycanın xarici siyasətinə təsir göstərə bilən proseslərdir

Ləman Hüseynzadə / AZADİNFORM. “Bu il ötən illərdə başlayan proseslər davam edəcək”.

Bu fikri Azadinform-a politoloq İlqar Vəlizadə 2019-cu ildə regionda baş verəcək geosiyasi vəziyyəti şərh edərkən deyib. 

O bildirib ki, region və qeyri-regional iştirakçıların əsas diqqəti Suriyada cəmləşəcək: “Yaxın Şərq və Fars körfəzi ətrafında ziddiyyətli proseslər gedir. Bu, Qətərlə bağlı olan və Yəməndə gedən proseslərdir, eyni zamanda Səudiyyə Ərəbistan-İran qarşıdurmasıdır. Şərqi Aralıq dənizində birmənalı proseslər getmir. Bu, İsrail-Fələstin münasibətlərinə aiddir. Liviya ətrafı proseslər çox ciddi şəkildə inkişaf edir. Liviyada bu il ərzində prezident seçkiləri baş tutmalıdır. Namizədlərin içində Qəddafinin oğlu da var. Əsas namizədlərin arxasında iri oyunçular dayanır. Burda Rusiya, ABŞ, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və yerli oyunçuların maraqları var. Əfqanıstan ətrafında müxtəlif gərginlik yaşanacaq. Burada həm yerli - Pakistan, İran, həm də ənənəvi, aparıcı siyasi oyunçuların – ABŞ, Rusiyanın izi olacaq. Əfqanıstan ətrafında gedən proseslərə bunların münasibətləri də təsir edəcək. Qara dəniz hövzəsində çox mürəkkəb və həmçinin münaqişə yaradacaq proseslər gedir. Ukraynada iki dəfə - ilin əvvəlində prezident, sonunda isə parlament seçkiləri keçiriləcək. Bu da Rusiya-Ukrayna münasibətlərinə təsir göstərəcək. Bundan başqa, Amerika bu regiondakı nüfuzunu artıra biləcək. Çünki indiki Ukrayna hakimiyyəti yardımı Amerikadan istəyir”. 

Politoloq əlavə edib ki, bütün bu proseslər Cənubi Qafqaz ətrafında cərəyan edir və Azərbaycanın xarici siyasətinə təsir göstərə bilən proseslərdir: “Azərbaycan çalışacaq yaranmış vəziyyətdə regional güclərin arasında olan ziddiyyətlərdən maksimum uzaq qalsın, bəzi prosesləri öz xeyrinə yönəltsin. Keçmişdə Azərbaycan diplomatiyası buna müvəffəq olub. Ötən illərdə Rusiya və NATO baş qərargah rəisləri Bakıda görüşlər keçirib. Bu, Azərbaycanın nüfuzuna müsbət təsirlər edib. Baxmayaraq ki, bu tərəflər özləri münaqişədə olan tərəflərdir. Ona görə də Azərbaycan da çalışacaq ki, bu vəziyyətdən maksimum bəhrələnsin, amma bu ziddiyyəti əsas güclərin rəqabətində öz siyasətinə yaxın buraxmasın”.

9.01.2019 17:33 / Baxılıb: 334 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo