Uşaq avtoşəhərcikləri gələcəyin peşəkar sürücülərini yetişdirə biləcəkmi?

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycanda uşaq avtoşəhərcikləri yaradılacaq. Azadinform xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın bəndlərinin birində deyilir.

Sənəddə bildirilir ki, yol hərəkəti iştirakçıları kimi uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkətini tənzimləyən qanunvericilik təkmilləşdiriləcək.

Həmçinin 2019-2020-ci illərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün ölkənin müxtəlif ərazilərində uşaq avtoşəhərciklərinin, avtomeydançalarının və digər əyləncə-təlim məkanlarının yaradılması, yerləşdirilməsi qaydası hazırlanacaq.


Bəs görəsən bu addım cəmiyyət tərəfindən necə dəyərləndirilir?


Valideyn Elgün Mənsimov bildirib ki, Azərbaycanda uşaqlar üçün bu cür şəraitin yaradılması təşəbbüsünü müsbət qiymətləndirir: “Sözügedən proqramda yol hərəkətinin təhlükəsizliyinin təmini üçün digər mühüm aspektlər də əks olunub. Burada uşaq avtoşəhərciklərinin yaradılması ilə bağlı ayrıca bir bəndin olması da təqdirəlayiqdir. Çünki yol hərəkətinin təhlükəsizliyinin kökündə əslində mədəniyyət, maarif dayanır. Təəssüf ki, zamanında müəyyən tədbirlər görülmədiyindən hazırda Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi barədə nikbin danışa bilmirik. Ona görə də haradansa başlamaq lazım idi və Prezident İlham Əliyevin sərəncamla təsdiq etdiyi bu proqramı bir başlanğıc nöqtəsi kimi də qiymətləndirə bilərik”. 

Onun sözlərinə görə, bu gün azyaşlı uşaqlar avtomobillərə çox maraq göstərirlər: “Artıq qız uşaqları da maşın oyuncaqları ilə oynayır, kuklalara yaxın durmurlar. Avtomobillərin uşaqlar üçün marağını nəzərə alsaq, uşaq avtoşəhərciklərinin yaradılmasının da faydalı olacağını düşünürəm. Uşaqların lap erkən yaşdan avtomobil idarəetmə vərdişlərinin yaranması, yol hərəkəti nişanlarını tanıması gələcəkdə yol hərəkətinin təhlükəsizliyinin təmini deməkdir. Ona görə də mən bir valideyn, eyni zamanda jurnalist kimi yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramını və burada öz əksini tapan məsələləri dəstəkləyirəm”. 


Bəs bu təşəbbüs uşaqların təhsildən yayınmasına səbəb ola bilərmi? 


Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib ki, uşaqların yol hərəkəti qaydalarını bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir: “Məktəbyaşlı uşaqların yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Uşaqlar küçə və yollarda bir növ sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nə valideynlər, nə də müəllimlər nəzarət edə bilirlər. Odur ki, uşaqların yol hərəkəti qaydaların bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir. Son 5 il ərzində Dövlət Yol Polisi tərəfindən açıqlanan rəqəmləri təhlil edəndə görürük ki,  yol-nəqliyyat hadisələrində uşaqların zərər çəkmələri onların davranışından asılıdır. Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına, bədbəxt hadisələrin azalmasına kömək edə bilər”. 

Ekspert əlavə edib ki, Bakı şəhərində 317 məktəb binasının hər birinin yaxınlığından yüksək sürətli avtomobil keçir: “Qanunvericilik aktlarına görə, məktəblərin ən azı 100 metrliyində yüksək sürətli avtomobil yolları olmamalıdır. Hətta 147 saylı, 25 saylı məktəblərin və digər məktəblərin tam 1-2 metrliyində hərəkət sürəti saatda 80-90 km olan yollar var. Əgər şagirdlər yol hərəkəti qaydalarını bilməsələr onlar üçün ciddi təhlükə yarana bilər. Təəssüf ki, məktəblərimizdə yol hərəkəti ilə bağlı görülən işlər çox azdır. Xoşagəlməz hal odur ki, son illər məktəbli şagirdlərin yol qəzasına düşməsi halları çoxalıb. Burda təkcə məlumatsızlıq deyil, eyni zamanda məktəblərin yaxınlığında keçid və xüsusi nişanların olmaması da ciddi rol oynayır. Bundan başqa, Təhsil Nazirliyi, Dövlət Yol Polisi İdarəsi məktəblərə bütün tədris ilini əhatə edən təlimlər keçirməlidir. Yol hərəkəti haqqında qaydalar, yol nişanlar orta məktəb tədris  proqramına daxil edilməlidir. Düzdür, Həyat bilgisi fənnində buna bir bölmə ayrılıb, amma o da çox səthi, heç bir əhəmiyyətə malik deyil. Dünya təhsil təcrübəsinə əsasən deyə bilərəm ki, uşaqlara yol hərəkəti qaydaları, yol nişanları məktəbəqədər təhsil dövründə öyrədilməyə başlanılır.  Finlandiyada, hətta 3-4 yaşlı uşaqlar üçün bağçalarda yol hərəkəti 6 aylıq ayrıca təlim olaraq həyata keçirilir. İbtidai sinifdən başlayaraq isə onlara bədbəxt hadisələr zamanı davranış qaydaları öyrədilir. Yəni verilən bilik və bacarıqları nəzəri olaraq deyil, praktiki olaraq verilir. Hətta qardaş Türkiyədə ibtidai sinifdə bütün tədris ili ərzində hər il yol hərəkəti qaydaları tədris olunur. DYP-dan sürücülük vəsiqəsi alanların yaş həddini təhlil edəndə, onlar üzərində araşdırma aparanda məlum olur ki, heç bir sürücü yol hərəkəti qaydaları ilə bağlı orta məktəbdə biliyə malik olmayıb. Halbuki bu kimi vərdişlər orta məktəblərdə şagirdlərə mütləq şəkildə aşılanmalıdır”. 


Avtoşəhərciklərin sayı artdıqca əlavə müsbət göstəricilər əldə etmək imkanı olacaq


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu sərəncam yol hərəkətinin tələblərinin, təbliğat işlərinin yüksək səviyyədə aparılmasına, xüsusi ilə azyaşlı uşaqların həyat və sağlamlığının, yol qəzası hadisələrindən qorunmasına, eyni zamanda bütövlükdə təhsil sahəsində “Yol hərəkəti haqqında qanun”dan irəli gələn tələblərin öyrədilməsində müstəsna rol oynayacaq, müsbət göstəricilər əldə etmək üçün imkanlar yaradacaq: “Azərbaycanda yalnız Bakı şəhərində avtoşəhərcik var ki, o da 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinə məxsusdur. Bu avtoşəhərcik artıq praktikadan keçirilib. Təkcə bu avtoşəhərciyin vasitəsi ilə Baş Dövlət və Bakı Şəhər Yol Polisi İdarələri, 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə əməkdaşlıq sayəsində yol hərəkəti haqqında qanunun tələbləri üzrə keçirilən müsabiqələrdə şagirdlərimiz müxtəlif ölkələrdə qalib olublar. Məsələn Qazaxıstanda beynəlxalq təhlükəsizlik müsabiqəsi üzrə 1-ci yerə, Rusiyanın Rostov şəhərində yol hərəkətinin təhlükəsizliyinin nominasiyasında isə 2-ci yerə layiq görülüblər. Əgər bu gün Bakıda 1 avtoşəhərcik varsa və gələcəkdə say artırılacaqsa kifayət qədər əlavə müsbət göstəricilər əldə etmək imkanı olacaq. Bu vaxtında atılmış addımdır. Bununla bədbəxt hadisələrin sayı azalacaq və yol hərəkəti haqqında qanunun tələblərini öyrənənlərin sayı artacaq. Təbii ki, vətəndaş kimi biz də bunu istəyirik. Bu gün ölkə üzrə baş vermiş yol nəqliyyat hadisələrinin təhlili, hadisələrin ağırlıq dərəcəsi hər kəsi narahat edir. Əlbəttə ki, ilbəil yol qəza hadisələrin və bu hadisələrin qurbanlarının sayı azalır. Bu da dövlət yol polisinin vaxtında apardığı təbliğatın, məqsədli keçirdiyi tədbirlər və eyni zamanda yol hərəkəti haqqında qanununa və inzibati xətalar məcəlləsinə edilən əlavələr və dəyişikliklərin hesabınadır”. 

V. Əsədov qeyd edib ki, hər hansı bir şüarlarla da təbliğat işlərini genişləndirmək olar: “Keç yeraltı keçiddən. Uzaq ol təhlükədən”, “Öyrən əməl et, öyrət tələb et”, “Sürət həyatda tərəqqi, yolda isə təhlükədir” və s. bu kimi uşaqların dili ilə düşünülmüş şəkildə şüarlar yayılmalıdır. Xahiş edirik ki, bu sahədə hər kəs öz məsuliyyətini artırsın. Təhsil müəssisələri ilə yanaşı evlərdə valideynlərin, küçə və yollarda biz böyüklərin, məktəblərdə isə müəllimlərin üzərinə məsuliyyət düşür”.

9.01.2019 16:45 / Baxılıb: 937 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo