Problemli kreditlərdən necə xilas olaq?

Aygün Nəbiyeva / AZADİNFORM. Azərbaycanda problemli kreditlərin həcmi artır. Mərkəzi Bankın bu barədə yaydığı məlumatda qeyd olunur ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği dekabrın 1-nə 1 688,7 milyon manat təşkil edib. Bu məbləğ noyabrın 1-i ilə müqayisədə 0,6 faiz azdır. İlin əvvəlinə nisbətən isə vaxtı keçmiş kreditlər 3,8 faiz artıb.

 

Bəs problemli kreditlərdən necə qurtulmaq olar? Artma səbəbləri və həlli yolları nələrdir?


“Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru, iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, devalvasiyalardan sonra bank sektorunun üzləşdiyi əsas problemlərdən biri vaxtı keçmiş kreditlərin həcminin artması oldu: “Mərkəzi Bankın son məlumatına görə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 2018-ci ilin 1 dekabr tarixinə 1,69 milyard manata yaxın təşkil etdi. 2017-ci ilin sonuna nisbətən 2018-ci ilin ilk 11 ayında problemli kreditlərin həcmi 3,8% artdı. Ötən ilin noyabr ayının sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,4% təşkil edib. Beynəlxalq təcrübədə adətən problemli kreditlərin kredit portfelindəki payının qəbul edilən həddi təqribən 5%, inkişaf etmiş ölkələrdə isə 3% təşkil edir. Ölkəmizdə isə bu ikirəqəmli səviyyəyə yüksəlib. 2015-ci ildən problemli kreditlərin həcminin artması fonunda kredit portfelinin ümumi həcminin də kiçilməsi nəticə etibarı ilə problemli kreditlərin kredit portfelində payının artmasına səbəb oldu. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən Azərbaycanda bank sektorunun sağlamlaşdırılması prosesi 2018-ci ilin sonuna kimi başa çatmalı idi”. 

Ekspert vurğulayıb ki, ötən dövr ərzində bank sektorundakı bu problemin həlli istiqamətində bir sıra təkliflər irəli sürülüb, müzakirələr aparılıb: “Bir çox iqtisadçı-ekspertlər problemin həlli üçün devalvasiyanın kredit həcmində yaratdığı fərqin dövlət, vətəndaş və banklar arasında bölünməsini təklif edib, digərləri isə bu fərqin tam olaraq dövlət tərəfindən ödənilməsini məqsədəuyğun hesab edib. Təəssüf ki, devalvasiyadan artıq 3 il keçməsinə baxmayaraq bankların vaxtı keçmiş kreditlər probleminin həlli istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə olunmadı. Vətəndaşların son ümidi Konstitusiya Məhkəməsinin qərarına idi. Lakin ötən il sentyabrın 22-də Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar qəbul etdi. Qərara əsasən, kredit götürən şəxslər borclarını manatın cari məzənnəsi ilə qaytarmalıdır və heç bir güzəşt nəzərdə tutulmur. 

Təəssüf ki, problemli kreditlər haqqında daha geniş məlumatların, yəni bu kreditlərin iqtisadiyyatın sahələri, borcalanların təşkilati hüququ forması, fəaliyyət sahələri, verilmiş kreditlərin növləri, banklar və s. üzrə strukturu barədə göstəricilərin aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə açıqlanmaması problemin təhlili və həlli istiqamətləri ilə bağlı konkret təkliflərin verilməsini çətinləşdirir. Əlimizdə təhlil üçün kifayət qədər məlumat olmadığından vaxtı keçmiş kreditlərin böyük hissəsinin sahibkarlara verilmiş biznes kreditləri, yoxsa fiziki şəxslərə verilmiş istehlak kreditləri təşkil etdiyini dəqiq deyə bilmirik.

Sadəcə fikir yürütmək olar ki, devalvasiyalardan sonra dolların bahalaşması fonunda həm dollarla krediti olan bir çox sahibkarlıq subyektləri, həm də vətəndaşlar borclarının ödənişində çətinliklərlə üzləşdilər.

Daha sonra isə bir çox iş yerlərinin bağlanması, iqtisadiyyatda durğunluq və s. kimi amillər də bu prosesə təsir edib. Hətta iddialar var ki, problemli kreditlərin böyük hissəsini elə bank sahiblərinin, rəhbərlərinin öz şirkətlərinə, yaxınlarına aşağı faizlə, girovsuz verdikləri kreditlər təşkil edir. Bu baxımdan, vaxtı keçmiş kreditlərlə bağlı bütün göstəricilər açıqlanmalı və təhlil olunmalıdır. Problemin kəskinləşməsinin bir tərəfdən səbəbi əgər borcunu vaxtında qaytarmayan vətəndaşlar və sahibkarlardırsa, digər tərəfdən də bu kreditlərin girovsuz, əsassız verilməsində iştirak edən bank rəhbərləri və bank işçiləridir”. 

Ekspert problemin həlli yolunu da vurğulayıb: “Mən problemin aradan qaldırılmasına dövlətin birbaşa dəstəyinin deyil, dolayı yollarla müdaxiləsinin tərəfdarıyam. Banklarda vaxtı keçmiş kreditləri olan vətəndaşların sayı dəqiqləşdirilərək onların məşğulluq səviyyəsi araşdırıla və həmin vətəndaşlardan hazırda işsiz olanların işlə təmin edilməsi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsi zamanı şərt kimi sahibkarlar qarşısında qoyula bilər. Çünki vaxtı keçmiş kreditlərin böyük əksəriyyətinin əsas səbəbi vətəndaşların məşğulluğu və hazırkı gəlir imkanları ilə əlaqədardır”.


Mərkəzin İdarə Heyətinin sədri Ramil Abbasov isə bildirib ki, bank portfelində devalvasiyadan sonra problemli kreditlərin həcminin artmasına birbaşa bir neçə amil təsir edib: “Əsas amil dolların bahalaşması oldu. Bir tərəfdən aylıq ödənişlər məzənnə nisbətində artdı. Buna paralel olaraq da devalvasiya fonunda əhalinin gəlirləri azalmağa başladı. İstehlak kreditləri götürənlər hansı ki, əmək haqqı ilə kredit götürmüşdülər, onların aylıq gəlirləri sabit qalmasına baxmayaraq aylıq ödənişləri artdı. Bu da öz növbəsində götürülmüş borcların geri qaytarılmasında çətinlik yaratdı. İkinci növbədə devalvasiyadan sonra bağlanan iş yerləri də prosesə mənfi təsir etdi. İş yerləri bağlanması vətəndaşın gəlir imkanlarını məhdudlaşdırır. Bir çox insanlar iş yerlərinin müflis olması haqqında arayışlar gətirsə də banklar tərəfindən bunlar nəzərə alınmadı. Amma bəzi banklar bu vəziyyətdə olan vətəndaşlar üçün faiz güzəşti, məzənnədə endirimlər etdi. Amma fikrimcə işi olmayan bir vətəndaş üçün bu güzəştlər elə də böyük rol oynamadı. Üçüncü növbədə əhalinin Konstitusiya Məhkəməsindən cavab gözləməsi idi. Konstitusiya Məhkəməsinin son qərarına kimi əhalidə belə bir ümid var idi ki, onların xeyrinə qərar çıxacaq. Elə bu səbəbdən də bəzi borc alanlar kredit ödənişini dayandırıb cavabı gözləyirdi. 

İqtisadçı əlavə edib ki, kiçik və orta biznes kreditlərinin də vəziyyəti o qədər ürək açan deyil: “Kredit götürmüş iş adamı həm məzənnədə itirdi, həm də götürdüyü krediti investisiya etdiyi sahədə problemlər yaşadı. Bankların da vətəndaşların kreditləri gecikdirməsində rolu az olmadı. Belə ki, banklar kredit analizi etmədən, bəzən kor-koranə, portfelin artırılması, daha çox gəlir əldə edilməsi naminə vətəndaşlara kredit verirdi. Dövlət problemli kreditlərin həll olunmasını bankların və əhalinin öhdəsinə buraxıb. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən tədbirlər planı hazırlayıb banklara təqdim edib, amma bu, yalnız gələcək kredit verilmə prosesində rol oyandı. Planda nəzərdə tutulanlar isə bankların daha az kredit verməsinə yönəldilmiş addımlar idi. Bankların kredit verməsini azaltmaq isə birbaşa bankaların sıradan çıxması deməkdir. Bankların gəliri kredit komissiyalarından və faizlərindən formalaşır. Azərbaycan üçün qeyri-kredit məhsullarından gələn gəlir həddən artıq aşağıdır. Təbii ki, bank da ayaqda durmaq üçün kredit verilməsini bir müddətlik məhdudlaşdıra bilər. Əks halda bank iflasa getməlidir. Problemli kreditlərin çoxalması banklarda yeni departamentin yaranmasına səbəb oldu. Bu departament də qanuni və ya qeyri-qanuni yollarla gecikdirilmiş kreditlərin qaytarılması ilə məşğuldur. Problemli kreditlərin yeganə həll yolu bankların və dövlətin birləşərək gecikmədə olan portfelin ödənməsindən ibarətdir. Necəki dünya pratikasında biz bunu görürük. Digər təklif olunan həll yolları sadəcə problemi yumşaltmaqdan ibarətdir. Bizə isə problemin həll olunması lazımdır”.

9.01.2019 16:00 / Baxılıb: 992 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.03.2019
    23.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo