İllərlə gözlənilən günə yarım gün dözə bilmirik Səbəb nədir?

Eşqin Nuruşov/AZADİNFORM. Milli adət-ənənələrimizdən biri də toydur. Əfsuslar olsun ki, toy ənənələrimizin bəziləri sıradan çıxarılıb, yaxud da unudulmaq üzrədir.

Milli toy ənənəsi az-çox əyalətlərdə – bölgələrimizdə yaşadılır. Oralara yolumuz düşəndə bəzən şəhərdə görmədiklərimizlə qarşılaşırıq. İllər ötdükcə toylar millilikdən çıxır, daha doğrusu avropasayağı çalarlarla boyanır. Belə olanda da şəhər və bölgələrdə təşkil olunan mərasimlər arasında fərq yaranır. Eyni zamanda bu gün toy mərasimləri keçmişdəki kimi maraqlı olmur. O qədər yeniliklər gətirilib ki, insanlar toya getmək belə istəmirlər. Hansısa yaxınından pul göndərərək sanki “canını qurtarırlar”. 

 

Bəs, görəsən bu gün toylara maraq niyə azalır? 

 

Bunun səbəblərini öyrənmək üçün sosioloq Əhməd Qəşəmoğlu ilə danışmağa qərar verdik. Mövzu ətrafında Azadinform-un suallarını cavablandıran Ə. Qəşəmoğlu bildirdi ki, indiki adət-ənənələrin sıradan çıxması üçün ciddi mübarizə aparanlardan biri də özüdür: “İndiki toy adət ənənələri əslində Azərbaycan üçün arzuolunmaz bir haldır. Bu bir sosial bəladır. Belə bir toy modelləri heç yerdə yoxdur. Ən kübar insanların övladlarının toyunda da xoşagəlməz hallar baş verir. İçəri hədsiz dərəcədə səs-küylü olur. Mən həmişə diqqət vermişəm, yaşlı adamlar içəridə otura bilmir. Fikir versəniz görəcəksiniz ki, əksər yaşlılar çölə çıxıb, foyedə oturub çay içirlər. Qadınlar isə büzüşüb bir tərəfdə oturur. Mən bəziləri ilə söhbət də etmişəm. Dəqiqələri gözləyirlər ki, toy nə zaman bitəcək. Çünki o səs-küyə əsəblər dözmür. Daha sonra orda olan yeməklərin əksəriyyətinə qonaqlar əl vurmurlar. Həmin yeməklər də yığılır növbəti toy mərasimlərində qonaqlara təqdim edilir. Bəzən insanlar onlardan zəhərlənirlər də. İçkilər biabırçı vəziyyətdədir. Bir dəfə mənə yaxın olan bir gənc atası olmadığı üçün ağsaqqallıq etməyi həvalə etdi. Mən də şadlıq saraylarının biri ilə danışdım. Gördüm ki, ortada çoxlu içki var. Bunun ümumiyyətlə dostları, qohumları içki içən deyildilər. Mən təklif etdim ki, süfrədən içkilər götürülsün. Hamısı dindar adamdılar. Amma cavabı belə aldım: “Məcbur da olsa içkilər süfrədə qalmalıdır!”.

 

 

Əslində şənlik məkanı olan toylardan danışan sosioloq üzləşdiyi dəhşət saçan məqamlardan da danışıb. Daha dəhşətli bir şey də var – deyə fikrini davam etdirən Ə. Qəşəmoğlu bildirdi ki, toy sahibi toydan sonra evinə heç nə apara bilməz: “Məsələn, toy sahibi deyə bilər ki, mən buna pul vermişəm, nə artıq qalsa özüm götürəcəyəm. O, yeməkləri və ya içkiləri evinə apara bilər, hər hansı bir xəstəxanaya, uşaqlar, yaxud qocalar evinə də verə bilər. Amma qətiyyən restoran sahibləri bununla razılaşmır. Çünki oradakı artıq yeməklərə düzəliş edilib başqa toy mərasimlərdə süfrələrə düzüləcək”.


Haşiyə: Səbail rayonu, 20-ci sahə yaşayış massivində “Elay” adlı bir şadlıq evi var. Təxminən bir il əvvəl bu şadlıq evində toy edən bir nəfər Azadinform-a şikayət edərək bildirmişdi ki, toydan sonra yeməkləri və içkiləri aparmağa onlara icazə verməyiblər. Baxmayaraq ki, toy sahibi masanın üzərinə düzülən bütün nemətlərin pulunu ödəyibmiş.

 

 

Müşahidə etdiyi dəhşətlərdən danışan sosioloq əlavə edib ki, restoranlarda süfrəyə xidmət göstərən işçilər (ofisiantlar) adamın başına dolanır: “Əmi sənə bunu gətirmişəm”, “Əmi bunu da sən ye” və s. bu kimi təkliflər hamısı onlara pul verilsin deyə edilir. Fotoqraflar gəlir məcburən şəkil çəkir, gedir mənasız bir çərçivənin içinə qoyub gətirir, 20 manat pul istəyir. Yəni Bakıda, şadlıq evlərində keçirilən toy mərasimlərində biabırçı proseslər gedir. Toy başlayan kimi bəylə gəlin rəqs etməyə dəvət edilir. Toy başlayandan qurtarana qədər bəylə gəlini rəqs etdirirlər”.

Əlbəttə, toy ömrün ən sevincli anlarından biri olsa da, bu günün qeyd olunmasında problemlər həddindən çoxdur. Sosioloqun sadaladığı və bizim də müşahidə etdiyimiz ən dəhşətli faktlardan biri də toylara yazılan nəmərlər – pullardır: “Nəzərə alsaq ki, əhalinin bəzi təbəqələrində əmək haqqı çox aşağıdır burda da başqa bir problem yaranır. Yəni bizdə orta səviyyədə işləyən müəllim, həkim və başqaları ayda 300 manat əmək haqqı alır. Toylar da ilbəil bahalaşır. Bir ailə toya gedirsə 100-200 manat toya pul salmalıdır. Üstəlik də yoldaşının geyimi, saç düzümü bunlar da minimum 150-200 manat vəsait tutur. Belə hallar ölkədə birbaşa kriminal vəziyyətin yaranmasına səbəb olur. Çünki insanlar toya getmək üçün pulu haradansa tapmalıdır. Bir ailəni 3-4 toya çağırırlarsa 800-1000 manat pul lazımdır. Maaş da əgər 500-600 olsa belə yenə də məcburdurlar ki, əyri işlərlə məşğul olsunlar. Yəni iyrənc vəziyyətlər ortaya çıxır”. 

Ə. Qəşəmoğlu qeyd edib ki, bacardığımız qədər sürətlə bu vəziyyətdən imtina etməliyik: “Daha normal toy modelləri ortaya qoymalıyıq. İnsanlara zəng edib deyəndə ki, səni toya çağırıram, sanki ona ağır zərbə vurursan. O dəvətnamə olmur, “dəhşətnamə” olur”.

8.01.2019 10:20 / Baxılıb: 871 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo