"Söyüş müxalifəti", yoxsa, siyasi terrorçular?

Adını nədənsə, “söyüş müxalifəti” qoyduğumuz və Avropanın müxtəlif şəhərlərində özlərinə sığınacaq tapmış bəzi qeyri-adekvat "azərbaycanlı"lar son günlər biraz da irəli gedərək artıq açıq şəkildə terror çağırışları etməyə başlayıblar. Əvvəllər Azərbaycan dövlətini və konkret olaraq Prezidenti, onun ailə üzvlərini, o cümlədən Prezidentin köməkçisi Əli Həsənovu hədəf seçənlər indi də ayrı-ayrı məmurlarımızı Avropanın hansı ölkəsində görsələr, öldürəcəkləri ilə hədələyirlər. Bu isə heç şübhəsiz ki, az öncə də qeyd etdiyim kimi açıq-aşkar terrora çağırışdır və siyasi-etik baxımdan isə bütün qırmızı xətləri vurub keçmək deməkdir. Onlar bununla necə deyərlər, canlı "siyasi meyit"lərə çevrilməməkçün və siyasi qəbristanlığa gömülməməkdən ötrü, sadəcə və sadəcə, "va-bank"a, tarana gedirlər. Yəni ki, həmin mühacir bloggerlər, "Yutub qəhrəmanları" artıq köhnə üsullarının tükəndiyini və əvvəlki kimi effekt vermədiyini hiss edirlər. Odur ki, gündəmdə qalmaq üçün və öz siyasi varlıqlarının ömrünü uzatmaqdan ötrü sonuncu üsula əl atır, terror çağırışları edirlər.

Bəli, bu adamlar əsl həqiqətdə də terrorçudurlar. Mahiyyətcə terrorçudurlar. Onların xislətləri terrorizmə indekslənib. Və bütün başqa terrorçular kimi bunlar da eyni əlamətlərə, eyni göstəricilərə malikdir. Terrorçuların iki başı, dörd gözü, səkkiz qulağı olmur ki. İndiyə qədər gəlmiş-keçmiş bütün terrorçular kimi bizim bu dırnaqarası "azərbaycanlı" terrorçuların çağırışları da eynilə təhdid, qanuni hakimiyyətə qarşı silahlı müqavimət, kütləvi itaətsizlik, qətllərə çağırış üzərində qurulub. Onlar ölkəmizə və hakimiyyətimizə qarşı durmadan aqressiya, kin, söyüş, nifrət püskürürlər.

Amma bu ünsürlərə, bu ictimai-siyasi törtöküntülərə heç bir halda müxalifət demək olmaz. Heç "söyüş müxalifəti" demək də düz deyil. Çünki normalda əsl müxalifət, sivil müxalifət belə olmur. Yeganə silahı, şüarı, ideologiyası söyüşdən ibarət olan bir qüvvəni müxalifət adlandırmaq, məncə də, onları ciddiyə almaq və şərəfləndirmək demək olardı. Bu adamların bir adı var: terrorçular. Onlar hal-hazırda siyasi terrorçuluqla məşğuldurlar. Düzdür, mən onları Azərbaycan üçün hər hansı bir şəkildə təhlükə saymıram. Ancaq milçəyin ürək bulandırması məsəlində olduğu kimi bu adamlar da hazırda Azərbaycanın imicini zədələməklə məşğuldur. Hesab edirəm ki, onların anti-Azərbaycan fəaliyyətlərinə son qoyulması üçün təcili surətdə tədbirlər görülməlidir. Bununçün hər cürə qanuni vasitələr və beynəlxalq təcrübələr də var.


Əlisahib Hüseynov

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

5.01.2019 15:38 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo