Özü heç bir şey bilməyən müəllim qarşısındakına heç nə öyrədə bilməz

Eşqin Nuruşov/AZADİNFORM. Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarından imtahan keçirib.

Azadinform xəbər verir ki, burada nazirliyin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə olan fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarət olub. İmtahan nəticələri zamanı bəlli olub ki, sınağa çəkilən müəllimlərin bilik və bacarıqları hələ 50 faizdən də aşağıdır.


Bəs müəllimlərin belə aşağı nəticə göstərmələrinə səbəb nədir?

 

Mövzu ilə bağlı olaraq Azadinform-un suallarına cavab verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov qeyd edib ki, son beş ildə müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində ciddi islahatlar həyata keçirilib: “Təəssüf ki, 2014-cü ilə qədər Azərbaycanda müəllimlərin tətbiq etdiyi bilik səviyyəsi, metodik və kommunikativ yanaşma ilə bağlı bilikləri barədə sistemli məlumat yox idi. 2014-2017-ci illərdə 4472 orta məktəbdə çalışan 142 min dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildi. Məlum oldu ki, müəllimlərin ixtisasları üzrə bilikləri qənaətbəxş deyil. Baxmayaraq ki, ölkə prezidentinin Sərəncamına əsasən 2015-ci il yanvarın 1-dən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb, təəssüf ki, bu da müəllimlərin keyfiyyətinin artmasına təsir göstərməyib. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib”.

Ekspert əlavə edib ki, aidiyyəti üzrə Təhsil Nazirliyi bu hədəfə nail olmaq üçün səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabət qabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılmasını, müəllimlər arasında sağlam rəqabətin formalaşdırılmasını, müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması istiqamətində heç bir əməli iş görməyib: “Bu gün Azərbaycan təhsili, Azərbaycan məktəbi repetitorlardan asılı halda qalıb, təhsildəki nəticələr yalnız repetitorluğun, hazırlıq kurslarının nəticəsidir, onların fəaliyyətinin bəhrəsidir. Çünki öz biliyi, səviyyəsi 50 faizdən aşağı olan qurumlar yüksək nəticə göstərə bilməz. Təəssüf ki, 2014-2017-ci illərdə keçirilən diaqnostik qiymətləndirilmədə ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat fənn müəllimlərinin göstərdikləri nəticələr elə də yüksək deyil. Şagirdin ümumi bazası elə ibtidai sinifdə formalaşır. Fundamental fənlərdən olan Azərbaycan dili və ədəbiyyat fənn müəllimlərinin nəticələrinin aşağı olması isə şagirdlərin təfəkkürünün formalaşmasına birbaşa təsir edir. Buna riyaziyyat fənni də daxildir. Deməli, bizim təhsili yaxşı gələcək gözləmir. Müəllimlərin işə qəbulunda Finlandiya, fəaliyyətində isə Rusiya metodunu tətbiq etməliyik. Ali məktəbdə pedaqoji ixtisaslarda təhsil alan zaman akademik göstəriciləri 80 faizdən aşağı olanları müəllimlərin işə qəbulu imtahanlarına buraxmaq olmaz. Bundan sonra hər il orta məktəbdə çalışan müəllimlərin ixtisasları üzrə biliklərinin yoxlanılmasını həyata keçirmək lazımdır və nəticələri 70-80 faizdən aşağı olanlarla əmək müqaviləsinə xitam vermək lazımdır. Bizim orta məktəblərdə, hətta 0-1-2 bal toplayanlar da dərs deyir. Bu biabırçılıqdır. Bu xalqa qarşı ən ağır cinayətdir. Özü heç bir şey bilməyən müəllim qarşısındakına heç nə öyrədə bilməz. Maraqlıdır ki, təhsil nazirliyi diplomları dövlət nümunəli olmayan müəllimlərə diaqnostik balı aşağı olan müəllimlərə niyə göz yumur? Nəyin qarşılığında onlara fəaliyyətlərini davam etdirməyə icazə verir? Təhsil Nazirliyinin bunda marağı nədir?”.

K. Əsədov hesab edir ki, müəllimlərin işə qəbulunda və onların fəaliyyətində ciddi islahatlar aparmaq lazımdır: “Hazırda həyata keçirilən proses əmək bazarının tələblərinə cavab vermir və yararsızdır. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən imtahanların nəticələri orta məktəblərdə vəziyyətin qənaətbəxş olmadığını sübut edir. Bu məktəb direktorlarının rəhbərlik etdikləri təhsil ocağına nəzarət etməmələri deməkdir. Onlar tabeliyində olan işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində heç bir iş görmürlər. Təhsil nazirliyi isə ancaq formal xarakterli tədbirlər həyata keçirir”.

4.01.2019 17:30 / Baxılıb: 859 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2019
    17.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo