Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə müzakirələr aparıb

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Milanda ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində ATƏT-in baş katibi Tomas Qreminqerlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri, Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub.

E.Məmmədyarov Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirdiyi görüşləri haqqında məlumat verib, həmin görüşün faydalı olduğunu, mövcud formatda intensiv, nəticə-yönümlü danışıqların yaxın gələcəkdə davam etdirilməsinin razılaşdırıldığını bildirib. T.Qreminqerin ATƏT-in nə kimi rol oynaya biləcəyi sualını cavablandıran nazir Azərbaycanın işğal edilmiş ərazilərinə mümkün qiymətləndirmə missiyasının təşkilində ATƏT-in rolunu qeyd edib.

Görüşdə həmçinin Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub. E.Məmmədyarov ATƏT İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsinin icra olunmasının Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarının enerji təchizatının şaxələndirilməsi və Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışına töhfə verəcəyini bildirib.

Tərəflər arasında maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

6.12.2018 23:08 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo