Paytaxtın Abad məhəllələrində idman yarışlarına start verildi

AZADİNFORM. “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilir, məhəllələrdə futbol, basketbol meydançaları və digər idman qurğuları da quraşdırılaraq əhalinin, xüsusən yeniyetmə və gənclərin istifadəsinə verilir. 

Azadinform xəbər verir ki, artıq bir neçə gündür ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Abad məhəllə” layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışlarının təşkili və keçirilməsinə başlanıb. 

Yeni salınmış məhəllələrdə mini futbol və şahmat turnirləri çərçivəsində ilk yarışa Nizami rayonunda start verib. Nizami rayon bələdiyyəsinin meydançasında start götürən turnirin rəsmi açılış mərasimində Nizami Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov və digər rəsmi şəxslər iştirak edib, yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıblar. Sonra ilk oyun keçirilib. Turnir çərçivəsində eyni gündə Yasamal və Nərimanov rayonlarında 2 həyətdə şahmat yarışlarına, Xəzər rayonunda isə mini futbol yarışına başlanıb. 

Qeyd edək ki, paytaxtın rayonlarında yeni istifadəyə verilmiş “Abad məhəllələr” də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxtın rayon Gənclər və İdman İdarələrinin təşkilatçılığı ilə keçirilən mini futbol və şahmat üzrə  turnirlər 2 mərhələdə - rayondaxili və şəhər final mərhələsi üzrə keçiriləcək. Ümumilikdə hər iki mərhələ üzrə keçiriləcək mini-futbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmənin (ümumilikdə 1500 nəfər) iştirakı nəzərdə tutulub.

6.12.2018 13:05 / Baxılıb: 352 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo