Sərnişin sürücü münasibətlərini necə tənzimləmək olar?

Eşqin Nuruşov/AZADİNFORM. İctimai nəqliyyatda etik normalara, davranış qaydalarına əməl etməyimiz vacib məsələdir. Əfsus ki, çoxları bu qaydadan xəbərsizdir. Bu qaydalar həm sürücülər, həm də sərnişinlər tərəfindən pozulur.

Avtobus sürücüləri demək olar ki, heç bir qayda-qanuna əməl etməyərək avtobusu “dədə malı” kimi idarə edirlər. Biri yolda “yarış” keçirir, o biri istədiyi yerdə dayanıb yarım saat gözləyir ki, sərnişinlər “əzik-üzük” olana qədər avtobus dolsun. Elələri də var ki, dayanacaqda saxlamır, amma yolun hansı hissəsində olmasına baxmayaraq saxlayıb “30” qəpiyini götürür. Belə halda sərnişinlərin əsəb sistemi pozulur və məcburdur ki, əsəbini sürücünün üstünə töksün. 

Sərnişinlər də bəzən ucadan telefonla danışaraq, yüksək səslə musiqi dinləyərkən bu qaydaları pozurlar. Belə olan halda digər sərnişinlər narahat olur. 


Bəs görəsən sərnişin sürücü münasibətlərini tənzimləmək üçün hansı addımlar atılmalıdır?

 

 

Mövzu ilə bağlı Azadinform-a açıqlama verən nəqliyyat üzrə ekspert, avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, sürücülərin işə götürülməsi zamanı bir çox məsələlərə diqqət etmək lazımdır: “Dəfələrlə yol nəqliyyat hadisəsi törədən, əvvəllər məhkum olmuş, psixoloji vəziyyəti normal olmayan adam gəlib ictimai nəqliyyatı idarə edəcəksə əlbəttə, bunlar müəyyən problemlər yaradacaq. Bunlar azmış kimi əksəriyyətinin sürücülük kateqoriyası da uyğun gəlmir”.

Ekspert qeyd edib ki, məsələnin kökündə təkcə sürücülər dayanmır: “Sürücüləri bəzən qınamıram. Çünki onlar istismar olunur. 8 saat normal iş saatı olduğu halda bəzən onlar 15-16 saat işləməyə məcbur olurlar. Çünki daşıyıcı şirkətlərin əksəriyyəti avtobusu sürücün üzərinə atır. “Bu sənin avtobusun, bu  da sənin sənədlərin get axşam mənim 200 manatımı gətir” deyib məsuliyyəti öz üzərindən atırlar. Sürücü də bu şərtlərlə məcburən razılaşmalı olur. Bəzən 1-ci növbə avtobusu özləri idarə edir nahar fasiləsində isə hər hansı bir qohumuna və ya tanışına avtobusu həvalə edir. Sürücülər üçün normal iş rejimi yəni, 2 növbəli iş rejimi hazırlansa sürücü avtobusu başqa birinə həvalə etməyə məcbur olmaz. Bunlarla yanaşı sürücülərin maaş və interval məsələsi öz həllini tapmalıdır. Ayrı-ayrı daşıyıcı şirkətlər bir-birindən xəbərsiz interval hazırlayırlar və bu da problemlərinin əsas tərəflərindən biridir. İnterval problemi dayanacaqlarda da sıxlığın yaranmasına gətirib çıxarır. Bizim dayanacaqlara 2-3 avtobus daxil ola bilir, amma interval doğru hazırlanmadığı üçün 5-6 avtobus eyni anda bir dayanacağa daxil olur. Bu səbəbdən paytaxtın bir çox küçələrində eyni zamanda metro stansiyaların yaxınlığında xaos yaranır”.

E. Muradlı əlavə edib ki, problemə nəzarət mexanizmi yoxdur və buna görə sərnişin sürücü arasında gərginlik yaranır: “Sürücülər qaydalara əməl etsələr sərnişinlə münasibətdə gərginlik yaşanmaz. Məsələnin həlli üçün Avtobusların Ümumi İdarəetmə Mərkəzi yaradılmalıdır. Avtobusların hamısı kameralarla təchiz olunmalıdır. Kameralar vasitəsi ilə avtobusda yaşanan qanun pozuntuları rahat şəkildə izləniləcək. Ən əsası sürücülər sərnişinlərə “30” qəpik kimi baxmayacaqlar. Son zamanlar baş verən qəzalardan sonra artıq Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polis İdarəsi avtobuslara nəzarəti gücləndirib. Sürücülər avtobusları artıq dayanacaqdan kənarda saxlaya bilmirlər. Amma təəssüf ki, bəzən yol polisinin olmadığı, kameraların olmadığı ərazilərdə yenə bu özbaşınalıq davam edir”. 

Ekspert sərnişinlərin də davranış qaydalarını pozduğu anlardan danışıb: “Bəzən sərnişinlər də etik qaydalarına əməl etmirlər. Bunlar artıq müəyyən problemlər yaratmaqdadır. Sərnişinlər içkili halda avtobusa daxil olurlar, yaxud telefonla ucadan danışırlar, yeni avtobusu köhnələrlə səhv salıb yararsız vəziyyətə gətirirlər, həmçinin qeyri-etik davranışlar nümayiş etdirirlər. Sürücülərlə aqressiv danışan sərnişinlər də var. Dayanacaqda minir, amma istədiyi yerdə düşmək istəyir. Belə düşünürəm ki, bu bir psixoloji xəstəlikdir. Bu kimi problemlərin qarşısını almaq üçün təbliğat işləri aparılmalıdır. Keçən günlərdə TV kanallarında yayımlanan seriallardan birində qısa metrajlı ismarışlar hazırlanıb yayımlanırdı. Təbii ki, bu kimi tədbirlərin sayı artırılmalıdır”.

6.12.2018 12:34 / Baxılıb: 405 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo