SOCAR modernizasiya proqramı üçün Honeywell texnologiyasını seçib

Adəm Abbaslı/AZADİNFORM. SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yüksək keyfiyyətli hidrogen təchizatı üçün qısadövriyyəli adsorbsiyaya əsaslanan (PSA) Honeywell UOP texnologiyasından istifadə edəcək.

SOCAR-dan Azadinform-a verilən məlumata görə, yeni PSA texnologiyası Azərbaycanda Avro-5 standartlı yanacaqlara artan tələbatın ödənilməsinə kömək edəcək. 

“Honeywell UOP” şirkətinin Avropa, Afrika və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Naycel Orçard bununla bağlı deyib: ““Honeywell UOP” hidrogen texnologiyası SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirdiyi modernizasiya proqramının əsas elementidir. Bu proqram SOCAR-a regionun ən qabaqcıl emalçılarından biri olaraq qalmaqda kömək edəcək, ətraf mühitin qorunmasına və Azərbaycanda həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verəcəkdir.”

“Honeywell UOP” SOCAR-ın neft emalı zavodunu iki PSA qurğusu ilə təchiz edəcək. Hər iki qurğuya “Honeywell Process Solutions C300” sistemləri vasitəsilə nəzarət olunacaq. 

Modernizasiya prosesi başa çatdıqdan sonra neft emalı zavodunda hər il yerli yataqlardan, o cümlədən Neft Daşları, Suraxanı və Şirvan yataqlarından hasil olunmuş 7,5-8 milyon ton xam neftin emalı mümkün olacaq. Avro-5 standartlarına uyğun benzin, təyyarə yanacağı və asfalt istehsalının effektivliyi artacaq. 

“Hidrogen emal prosesinin yan məhsuludur və məqsədli şəkildə metanın buxar riforminqindən alınır. Honeywell UOP texnologiyası hidrogeni təmizləyir, təmizlənmiş hidrogen çirkli maddələrin kənarlaşdırılması və xam nefti təmiz yanacağa və digər məhsullara ayıran katalitik prosesin aparılması üçün yenidən emal qurğusuna ötürülür”, - deyə Naycel Orçard bildirib.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu 1953-cü ildə keçmiş SSRİ Neft Nazirliyi tərəfindən yaradılıb. 1980-ci ildə UOP neftayrıma zavodunda ilk katalitik riforminq qurğusunu qurdu və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzin istehsalına doğru mühüm addım atıldı. Zavod 2003-cü ildə, 50-ci ildönümündə Heydər Əliyevin şərəfinə adlandırılıb.

6.12.2018 12:05 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo