Utancaq, sosial vərdişi aşağı Bağçaya getmək nə qazandırır?

Aygün Nəbiyeva / AZADİNFORM. Uşaqların tərbiyəsi ilk növbədə ailədən sonra isə bağçadan, məktəbdən asılıdır. Uşaqların gələcəyinin düzgün formalaşmasında bağçaların da rolu danılmazdır. Bəzən valideynlər övladlarını hansı yaşda bağçaya qoymaq lazım olduğunu bilmirlər.

Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişikliklər edilərkən bildirilib ki, 2009-cu ildə bu qanun qəbul olunarkən ölkədə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi zəif idi. Amma indi şəbəkə genişləndiyi üçün məktəbəqədər təhsilin 1 yaşından başlanılması məqsədəuyğundur.

Elm və təhsil komitəsinin rəhbəri İsa Həbibəyli qeyd edib ki, uşaqların 1 yaşından bağçaya verilməsi məcburi deyil. Məktəbəqədər təhsil haqqında qanuna görə, uşaqların məktəbəqədər müəssisələrə verilməsi könüllük prinsipi əsasındadır.

 

Bəs uşaqların düzgün böyüməsində bağçaların nə kimi rolu vardır? Körpələr bağçaya hansı yaşda qoyulmalıdır?

 

Bu barədə Azadinform-a danışan psixoloq Aygün Baxşıyeva bildirib ki, uşaq bağçası uşaqların həm fiziki, həm də mənəvi inkişafında mühüm rol oynayır: “Sağlamlığın əsas şərtlərindən biri düzgün və inkişafı stimullaşdıran gün rejiminin olmasıdır. Bu da bağçalarda var. Gündəlik yemək və yuxu rejimi, idman məşğələləri uşağın fiziki cəhətdən sağlam və gümrah böyüməsinə xidmət edir. İkinci vacib məsələ uşaq üçün psixoloji inkişafetdirici mühitin olmasıdır. Bu yaşda uşaqlar üçün aparıcı fəaliyyət növü oyundur. Uşaqlar ətraf mühit, münasibətlər sistemi, sosial normalar haqda biliklərə və həyati bacarıqlara oynayaraq yiyələnirlər. Ən əsası isə bağçada uşaq üçün əlverişli sosial mühitin olmasıdır. Burada onun yaşıdları ilə ünsiyyət tələbatı ödənmiş olur. Qrupda uşaq sosial bacarıqlarını, o cümlədən nitqini inkişaf etdirir, söz ehtiyatını zənginləşdirir. Bir sözlə, uşaq bağçada bir şəxsiyyət kimi sosiallaşır”.

Psixoloq A. Baxşıyeva qeyd edib ki, əgər ciddi məcburiyyət yoxdursa uşaq  2 yaşa qədər ailə ilə daha çox vaxt keçirsə yaxşıdır: “Artıq 2 yaşdan sonra uşağı bağçaya qoymaq olar. 3 yaşdan sonra isə bu vacib hesab olunur. Bağçada heç bir zaman olmayan uşaqlar bağça uşaqlarından fərqlənir. Daha utancaq, nizam-intizama az əməl edən, sosial adaptasiyası aşağı olanlar çox vaxt bağçaya getməyən uşaqlar olur”.

6.12.2018 11:55 / Baxılıb: 442 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo