Prezidentin köməkçisi Əli Həsənov: Dövlət dilini qorumaq vəzifəsi bu sahədə öhdəliyi olan məmurların üzərinə düşür

Ləman Hüseynzadə / AZADİNFORM. “Təəssüf ki, tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq Prezident İlham Əliyev 2013-cü ilin mayında Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında xüsusi Sərəncam imzalamışdır. Sərəncamda dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik formalarından ciddi yayınmaların olduğu vurğulanmışdır”.

Azadinform xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib. 

Ə.Həsənov bildirib ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilməsi Sərəncamda göstərilib: “Bu gün dilimizə yerli-yersiz yad sözlər gətirilir. Aidiyyəti qurumlar, o cümlədən dövlət orqanları, akademik dairələr bu təsirlərə qarşı ciddi mübarizə aparmalıdır. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdə verilən bədii, elmi tərcümələrdə nöqsanlar müşahidə olunur. Küçə və meydanlardakı reklamlarda qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi də həmin Sərəncamda öz əksini tapmışdır. Təəssüf ki, həmin nöqsanlar hələ bu gün də tam aradan qalxmayıb. Ona görə də cənab prezident dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud olan problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və aradan qaldırılması məqsədilə 1 noyabr 2018-ci ildə yeni bir Fərman imzalamışdır. Bu gün həmin fərmandan irəli gələn bəzi məsələləri bu toplantıda təhlil edərək müzakirələr əsasında tövsiyələr səsləndirəcəyik. Artıq müəyyən monitorinq aparılıb və bu gün bizim iki dilçi alimimiz, BDU-nun dilçilik kafedrasının əməkdaşları burda həmin aparılan monitorinqin ilkin nəticələrini ictimai müzakirəyə çıxaracaq”. 

PA rəsmisi qeyd edib ki, Nazirlər Kabinetinin xüsusi Sərəncamı ilə rəsmi monitorinq qrupu yaradılacaq: “Həmin monitorinq qrupu mütəxəssisləri cəlb etməklə, onlarla müqavilə bağlamaqla və digər formada bu prosesə cəlb etməklə mütəmadi olaraq bir neçə ünvanda qarşısına qoyduğu məsələləri təhlil edərək gündəmə gətirəcək”. 

Prezidentin köməkçisi əlavə edib ki, dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların üzərinə düşür: “Tək dövlət idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan akademiklər, alimlər və institutların elmi işçiləri üzərinə də məsuliyyət düşür. Onların birbaşa vəzifələri dili qorumaq, onun strukturunu inkişaf etdirmək və tətbiqi ilə bağlı mövcud problemlərin aradan qaldırmaqdır. Azərbaycan dili bütün təhsil müəssisələrində, eləcə də kütləvi informasiya vasitələrində qorunmalıdır. Hər bir məmurun xarici dili yüksək səviyyədə bilməsi onun üstünlüyüdür, amma dövlət dilini bilməməsi və o dildə danışmaması onun qəbahətidir. Məmur xarici dili bilmirsə, əlbəttə, bu onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi qəbahət sayılmır, qəbahət dövlət dilini bilməməkdir. Bu, ziyalılara, jurnalistlərə və Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana da aiddir”.

5.12.2018 12:56 / Baxılıb: 391 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo