Papirosum yana-yana... Gələcəyimizə od salan gələcəyin anaları

Elə vərdişlər var ki, onun zərərinə görə tənbehi, insanlar tərəfindən iradla qarşılanması tarixən olub. Həmin o pis vərdişlərin fəsadlarını dərk edənlər dərk etməyib o zərərin ağuşuna atılanları tənqid edib və orqanizmə vurduğu zərbələri izah edib. Belə vərdişlərdən biri, hətta ən geniş yayılmışı tütündən istifadədir.

Əsrlər keçib, zaman ötsə də siqaret çəkmək vərdişində olanlar müxtəlif çəkindirmə üsullarına məhəl qoymadan həm özlərinin, həm də ətrafdakıların sağlamlığını təhlükə ilə üz-üzə qoyurlar. Təəssüflər olsun ki, ölkəmizdə siqaret çəkənlərin sayı az deyil və demək olar ki, gündən-günə artır. Siqaretdən istifadə dedikdə ilk növbədə ağıla kişi cinsinin nümayəndələri gəlir. Amma əsrlər bir-birini əvəz etdikcə bəzi şeylər aşırı dərəcədə dəbə minir. XXI əsrdə sanki siqaret çəkmək də bir dəb olub. Barmaqları, dodaqları arasında bu “təam”ı böyük zövqlə daxilinə çəkənlərin sayı artır. Tək sayı deyil, hətta yaşı, cinsi də artır. Müşahidələrdən bəlli olur ki, artıq qadınlar da siqaretdən istifadəyə böyük üstünlük verir. Hansı ki əvvəllər bu mənzərəyə çox az rast gəlinirdi. Qadının siqaret çəkməsi Azərbaycan mentalitetində normal qarşılanmırdı. Çəkənlər olsa da gizlində çəkərdilər. İndi isə uşaq, yaşlı demədən qadınlar hamının gözünün qarşısında siqaret çəkirlər. Sanki “dəblə” ayaqlaşaraq siqaret çəkir, özlərini Avropa vətəndaşlarına bənzətmək istəyirlər. Avropada qadınların siqaret çəkməyi normal bir hal kimi qarşılanır. Amma bu kimi xoşagəlməz mənzərələr hələ də bizim cəmiyyət üçün yaddır. Həm sağlamlıq cəhətdən ziyandır, həm də zərif nəslin nümayəndəsinə, ən əsası Azərbaycan qadınına yaraşmayan bir xarakterdir.

Bu gün şəhərimizdə gənc qızların da bu pis vərdişə yiyələndiklərinə şahid oluruq.


Bəs səbəb nədir? Valideyn nəzarətsizliyi, psixoloji problemlər, dəb yoxsa təhsildəki mühit?

 

 

Bu barədə fikirlərini Azadinform-a danışan Bakı Slavyan Universitetinin 3-cü kurs tələbəsi Səkinə Mirzəyeva bildirib ki, kimliyindən asılı olmayaraq siqaret çəkmək insan sağlamlığı üçün zərərlidir: “Mövzunun əsasını qadınlar təşkil etdiyi üçün bu barədə fikirlərimi bölüşmək istəyirəm. Qadının siqaret çəkməsi hardasa qəbuledilməzdir. Buna çox səbəb gətirə bilərəm. Keçən dövrlərdən bu vaxta qədər Azərbaycan qadının adının bir ağırlığı var idi. Öz adlarını qorumaq üçün canlarından belə keçirdilər. Əfsuslar olsun ki, bu gün bəhs etdiyimiz qadınlara az-az rast gəlirik. Buna səbəb kimi birinci qadınların siqaret çəkməyini nümunə gətirə bilərəm. Bu gün qadınlar cəmiyyət arasında tam sərbəst siqaret çəkməyə cürət edirlər. Sanki bu, onları başqa bir aləmə aparır. Hər şeydən öncə bu ilk növbədə, onların sağlamlığına ziyan vurur”. 

Müsahibimiz gənc qızların siqaret çəkməsinin qəti əleyhinə olduğunu qeyd edib: “Təəssüf ki, siqaret çəkənlər arasında azyaşlılar daha çox üstünlük təşkil edir. Hər gün sanki onların sayının artdığını müşahidə edirəm. Təsadüfən bir qız siqaret çəkir və bu onun üçün bir əyləncəyə çevrilir. Bu əyləncə haqqında gedib öz yaşıdlarına da danışır nəhayət beləcə hər gün say artır. Belə qənaətə gəlirəm ki, burada valideynin də məsuliyyətsiz olmağı da böyük rol oynayır. Çünki valideynin nəzarəti olsa ən azından uşaq bu pis vərdişin aludəçisi olmaz. Başqa səbəblərdən biri də qoxu məsələsidir. Qızdan gül qoxusu gəlməlidir, siqaret qoxusu yox. Çünki siqaret çəkən qızlar ətrafdakıları da öz qoxuları ilə narahat edir. Qızların siqaret çəkməyi onların səsinə də təsir edir, getdikcə kişi səsinə oxşarlıq yaranır, səs xırıltılı və xoşagəlməz olur. Qız xanım olmalıdır. Bu cəhətlərin hamısı xanıma xas olmayandır. Və yuxarıda qeyd etdiyim səbəblərə görə mən yeniyetmə qızların, ümumilikdə bütün qadınların siqaret çəkməsini normal hal kimi qəbul etmirəm”.

 


Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi Məmmədova Gülnar isə siqaret çəkmək vərdişini yaxşı bir hal kimi qəbul etmədiyini deyir: “Təəssüflə qeyd edirəm ki, bu gün daha çox qadınların siqaret çəkməsi artıq cəmiyyətimizdə adi bir hal olub.  Müşahidələrimə görə deyə bilərəm ki, ən çox gənc və orta nəslin nümayəndələri üstünlük təşkil edir. Əslində nə gənc, nə də orta yaşlı bir qadının siqaret çəkməsi mümkün sayıla bilməz. Gənc qızların siqaret çəkməyi cəmiyyət tərəfindən ürək ağrısı ilə qarşılanır. Qızlar digərlərinin siqaret çəkdiyini görür və beləcə maraq yaranır ki, “görəsən dadı necədir?” Bu sualın da cavabın tapmaq üçün təbii ki, 1 dəfə də olsun onu sınaqdan keçirməlidir. Orta nəslin nümayəndələrinin siqaret çəkməyi də onlarda hardasa maraq yaradır. “Görəsən dadı necədir?” həvəsi ilə bu pis vərdişin aludəçisi olurlar. Sağlamlıq üçün böyük təhlükə olduğunu bilə-bilə yenə də bunun fərqinə varmadan “ölüm”lə oyun oynayırlar. Həkimlər hər dəfə çıxışlarında da bildirirlər ki, siqaret çəkmək insan sağlamlığı üçün təhlükədir. Hamıya bəllidir ki, tütün orqanlardan ən çox ürək və ağciyərlərə zərər verir. Boğulma, başgicəllənmə, nəfəs alma çətinliyi və s. bu kimi problemlər yaranmasına səbəb olur. Mən belə fikirləşirəm ki, bir qadının özünə bu qədər əziyyət verməsi lazımsızdır. Əgər siqaret çəkməyə səbəb ki, şəxsi həyatımızda olan problemləri göstərsək belə yenə də haqlı hesab edilə bilmərik. Çünki problemlərin çıxış yolu insanı ölümə qədər aparan vərdişlər deyil. Fikrimcə bu cür halların qarşısı alınması üçün daha çox filmlər istehsal olunmalıdır, video çarxlar hazırlanmalıdır, maarifləndirici tədbirlərin sayı artırılmalıdır”. 


Ölkənin ali təhsil müəssisələrində bu xoşa gəlməz halların qarşısı alınması üçün hansı tədbirlər həyata keçirilir?

 

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev bildirib ki, universitetin daxilində və ərazisində siqaret çəkmək rektorun əmri ilə artıq 1 ilə yaxındır qadağan olunub: “Bu qadağa tələbələr kimi əməkdaşlara da aiddir. İndi Azərbaycan Texniki Universitetində, o cümlədən universitetin ərazisində siqaret çəkilmir. Tələbələr 1-ci kursdan məlumatlandırılır və digər nizam-intizam qaydalarını pozanlara qarşı tətbiq olunan prosedur universitetdə siqaret çəkənlərə qarşı da tətbiq olunur. Yəni əgər tələbə yaxud da əməkdaş qadağaya məhəl qoymayıb universitet daxilində və ya ərazisində siqaret çəkirsə həmin şəxsə 1-ci dəfə töhmət verilir. Bu iki və ya üçüncü dəfə də baş verirsə təbii ki, müəssisə o tələbəni, əməkdaşı universitetdən uzaqlaşdırır. Çox xoş haldır ki, AzTU-da bu qərar hər kəs tərəfindən anlayışla qəbul olundu və hazırda universitetimizdə siqaret kötüklərindən yaranan pis mənzərəyə rast gəlinmir”.

Mətbuat xidmətinin rəhbəri xanımların yaxud xanım tələbələrin siqaret çəkməsinə də münasibət bildirib: “Bu məsələyə gəlincə deyə bilərəm ki, bizim qanunlarda qadınlarla kişilərin hüquqları bərabərdir. Siqaret çəkmək qadınlar üçün utanc hesab edilirsə kişilər üçün də belə olmalıdır. Bizim universitetin xanım tələbələrinin siqaret çəkdiyinə şəxsən mən rast gəlməmişəm. Yəqin ki, belə hal olmadığı üçün rast gəlinmir. Bundan əlavə bildirmək istərdim ki, Universitetimizdə təlim-tərbiyə işləri çox yüksək səviyyədə təşkil olunub. Tələbələrlə mütəmadi olaraq aparılan tərbiyəvi söhbətlər məhz bu kimi pis nəticələri vaxtında aradan qaldırmağa xidmət edir”.


Maraqlıdır ki, cəmiyyətdə siqaret çəkən qadınların sayı niyə gündən-günə artır?

 

Bununla bağlı Azadinform-un suallarına cavab verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, belə halların çoxalmasına səbəb mühitdə baş verən dəyişikliklərdir: “İnsanın davranışına təsir edən 3 əsas amil var. Mühit, aldığı informasiya, bir də insanın üstünlük verdiyi dəyərlər. Bu üçünün yekunu olaraq insanda müəyyən bir davranış formalaşır. Get gedə mühitimizdə dəyişikliklər baş verir. Təəssüf ki, bu dəyişikliklər heç də xoşagələn dəyişikliklər deyil. Cəmiyyətdə siqaret çəkən qadın və qızların sayının artması  xarakterin dəyişilməsindən xəbər verir. Təbii ki, bu da onu göstərir ki, bizim qızların  həyat tərzində arzu olunmayan proses getməkdədir. Bu gün onlar qadınların siqaret çəkməyinə filmlərdə rast gəlirlər. Öz filmlərimizdə bunun qarşısı alınsa da qeyd edək ki, keçən dövrdə bir neçə filmdə bu mənzərə ilə rastlaşmaq olurdu. Belə hadisələrə bu gün daha çox xarici filmlərdə rast gəlinir. Siqaret çəkənlərinin sayını qədim zamanlardan azaltmaq olardı. Mən həmişə qeyd etmişəm ki, əgər peyğəmbərlərimizin dövrdə siqaret olsaydı və dini cəhətdən şərab haram sayıldığı kimi siqaretə də haram sayılsaydı bəlkə də bu gün siqaret çəkənlərin sayı artmaqda davam etməzdi. Çünki ən azından siqaret də şərab qədər insan sağlamlığı üçün zərərlidir. İnsan sağlamlığı üçün zərərli olan hər bir şey haramdır”.

Sosioloq bildirib ki, indiki dövrdə siqaretin zərərləri haqqında xeyli böyük informasiyalar var: “Təəssüf ki, Bakının özündə milli adət ənənələrə xas olmayan, yüngül davranış normalarına uyğun həyat tərzinin zaman ötdükcə yayılması bu kimi xoşagəlməz hadisələrə gətirib çıxarır. Qızlarımız siqaret çəkərkən öz aləmlərində “forslanırlar”, sanki özünün hər hansı bir mühüm şəxsiyyət olduğunu nümayiş etdirmək istəyirlər. Bir dəfə özüm də bu mənzərə ilə rastlaşmışam. Təxmini 18-19 yaşlı bir qız bir ofisin qarşısında ard-arda siqaret çəkdi. İnanın ki, mənzərə düşünülməyəcək qədər iyrənc idi. Bu iyrənc mənzərə isə sanki öz aləmində ona başqa bir zövq verirdi. Digər tərəfdən, bizim təhsil ocaqlarında vəziyyət o qədər də ürəkaçan deyil. Cəmiyyətimizdə arzuolunmaz problemlərin yaranmasında səbəblərdən biri də təhsilin özündə olan problemlərdir. İstər orta, istərsə də ali təhsil müəssisələrində təhsil mühiti arzu olunan bir səviyyədə deyil. Amma ötən dövrlərdə təhsil mühiti çox gözəl idi. Hətta nümunə kimi Qori  Müəllimlər Seminariyasını deyə bilərəm. Hamıya bəllidir ki, o seminar neçə-neçə dahi şəxsiyyətlər yetişdirdi. Çünki orda təhsil mühiti var idi. Bu gün həmin mühit yenə olsa gənclərin gələcəyi belə təhlükə altında olmaz”.


Bəs görəsən bir qadını bilə-bilə “ölüm”lə oynamağa hansısa psixoloji problemlər vadar edə bilərmi? 

 

Sual ətrafında öz fikirlərini Azadinform-a deyən psixoloq Elnur Rüstəmov bildirib ki, kimliyindən asılı olmayaraq siqaret çəkməyin ziyanları hamıya bəllidir: “Sadəcə bu məsələnin etik tərəfləri təqdir edilmir. Söhbət əgər siqaret çəkməkdən gedirsə burada qadın və ya kişi deyə ayrılmamalıdır. Qadınların siqaret çəkməyi heç zaman cəmiyyət tərəfindən normal qarşılanmayıb. Eyni zamanda, bu vərdişə alışmaq qadınlara tövsiyə edilmir. Ən azından qadın anadır və özü ilə yanaşı öz övladının da psixologiyasına təsir edir. Gələcəkdə artıq uşağın siqaretə bir vərdiş kimi yox, bir həyat tərzi kimi qəbul etməyinə gətirib çıxara bilər. Bu istiqamətdə Avropa ölkələrində geniş təbliğat işləri aparılır. Keçən əsrin ortalarında Amerikada qadınlar tərəfindən bir hərəkat yarandı. Həmin qadınlar siqaret çəkməyi etiraz kimi dəyərləndirdilər, siqareti güc rəmzi kimi götürdülər və siqaret çəkən qadınlara qarşı piar kompaniya apardılar. Qonşu ölkələrdə bu barədə qısa metrajlı video çarxlar hazırlanır. Qadınların həyatın bütün dönəmlərində bu pis vərdişdən uzaq olmaları tövsiyə edilir”. 

Mövzunun etik tərəfləri haqqında danışan psixoloq qeyd edib ki, bu gün dünyada baş verən qloballaşma, gender bərabərliyinin yaranması cəmiyyətdə bu kimi xarakterin formalaşmasına gətirib çıxarır: “Dünənə qədər belə fikirləşirdik ki, avtomobili ancaq kişilər idarə edə bilər. Halbuki bu gün avtomobil sürən qadınların sayı durmadan artır və ən əsası normal qarşılanır”.


Eşqin NURUŞOV

5.12.2018 12:05 / Baxılıb: 572 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo