Qətərin OPEC-i tərk etməsi qurumun ciddi güc itirməsi anlamı daşımır

Ləman Hüseynzadə / AZADİNFORM. “Qətər çox böyük neft hasilatçısı olan ölkə deyil. Qətərin gündəlik neft hasilatı təxminən Azərbaycanın gündəlik neft ixracı həcmindədir, yəni o, 650 min barrel neft istehsal etmə gücünə malikdir. OPEC isə gün ərzində dünyaya təxminən 32-33 milyon barrel neft çıxarır”.

 

 

Bu fikirləri Azadinform-a iqtisadçı-eskpert Rəşad Həsənov Qətərin OPEC-dən ayrılmasını şərh edərkən deyib. 

O bildirib ki, hazırda Qətərin neft ehtiyatları tükənən istiqamətdə dinamika nümayiş etdirir: “Növbəti dövrlərdə dünya enerji bazarında Qətərin daha çox qazla bağlı potensialı vardır. Bu proses müəyyən qədər qopmalar istiqamətində bir trendin formalaşmasına gətirib çıxara bilər. Ola bilər ki, hər hansı bir ölkə OPEC-in apardığı siyasətlə razılaşmadığı təqdirdə Qətər presedentini əsas gətirərək OPEC-dən qopsun. OPEC-dən qopmalar olarsa təbii ki, onun dünya bazarlarında büdcə imkanları məhdudlaşacaq. OPEC dünya bazarlarına neftin təxminən 30-35 faizini təklif edən bir qurum olaraq çıxış edir, amma bu kənarlaşmalar, təşkilatı tərk etmələr OPEC-i zəiflədə bilər və dünya bazarlarında mövqeyini aşağı salar”. 

İqtisadçı əlavə edib ki, belə olan təqdirdə son nəticədə OPEC-in qəbul etdiyi qərarların faktiki olaraq neft bazarlarına təsiri zəifləyə bilər: “Belə bir risklər mümkündür. Lakin qeyd etdiyim kimi digər məsələ odur ki, bu təşkilatın daxilində Qətər böyük neft hasilatçısı olan ölkələrdən deyil. Buna görə də Qətərin OPEC-i tərk etməsi qurumun ciddi güc itirməsi anlamı daşımır”.

4.12.2018 15:45 / Baxılıb: 386 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo