Məşhur türk sənətçisi Bakı Slavyan Universitetində olub

Aygün Nəbiyeva / AZADİNFORM. Bu gün Bakı Slavyan Universitetində Türkiyənin sevilən sənətçisi Müşərrəf Akayla görüş keçirilib. Görüş Azərbaycan və Türkiyənin Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Azadinform xəbər verir ki, tədbirdə universitetin rəhbər heyəti, müəllim və tələbələri, media nümayəndələri iştirak edib. BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin yaranma tarixindən, burada türk dili və mədəniyyətinə, ədəbiyyat və musiqisinə olan böyük diqqətdən danışıb: “Bu gün burda Türkiyənin tanınmış elm və siyasət adamları, diplomatları iştirak edir. BSU yarandığı gündən dünyanın bir çox ali təhsil ocaqları ilə beynəlxalq əməkdaşlıq edir. Universitet Türkiyənin Qafqaz Universiteti, Qazi Universiteti, Ankara Universiteti, İstanbul Kültür Universiteti və başqaları ilə əməkdaşlıq haqqında müqavilələr bağlayıb. Bu günlərdə BSU ilə Türkiyə Cümhuriyyətinin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə “Kultuiraloji paradiqmalar və yeniləşən Azərbaycan”  adlı tədbir keçirilib. Həmin tədbirdə Türkiyənin tanınmış elm və siyasət adamları, diplomatları iştirak edirdi”.

Daha sonra çıxış edən ATV-nin nəzdində Teleradio Akademiyasının rəhbəri, BSU-nun Jurnalistika kafedrasının müəllimi, professor  Etibar Babayev çıxışında türk sənət ustası barədə müsbət öz fikirlərini səsləndirib, Müşərrəf Akayın Azərbaycan-Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm xidmətləri olduğunu, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını xüsusi qeyd edib. Sonra tanınmış sənətçinin Azərbaycanla bağlı xatirələrini əks etdirən video-çarxı nümayiş olunub.

Nümayişin ardından “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi Emil Nəsirli Müşərrəf Akaya jurnalın “Fəxri üzvü” olması münasibətilə diplom və qızıl medal təqdim edib. Çıxış edən Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova yüksək səviyyəli tədbirin təşkilinə görə BSU rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf Akay bu günlərdə Gəncədə olduğunu, orada çox səmimi qarşılandığını vurğulayıb. Öncəki illərdə Bakıya gəlişini yada salan müğənni Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyini, BSU-da artıq ikinci dəfə qonaq olduğunu söyləyib. Universitet kollektivinin diqqəti, marağı da sənətçini təsirləndirib: “Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır”. 

Tədbirdən razı qalan qonaq tələbələrin suallarını cavablandırıb, BSU əməkdaşları ilə xatirə şəkilləri çəkdirib.

3.12.2018 17:50 / Baxılıb: 277 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo