Cırtdan Yeni il sərgüzəştləri ilə gəlir Musiqili Teatra

AZADİNFORM. Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr Yeni il bayramına görə uşaqların tətil günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı “Cırtdan”ın motivləri əsasında “Cırtdanın sərgüzəştləri” musiqili nağıl tamaşası ilə gələcək.

Teatrdan Azadinform-a verilən məlumata görə, “Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqiləri və oyunları ilə zövq oxşayan bayram əhval-ruhiyyəli tamaşada hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz “Cırtdan”dan fərqli məcrada cərəyan edir. Burada da Cırtdan öz dostlarını ətrafına toplayıb meşəyə odun yığmağa gedir. Bəs, fərqlilik nədir? Onların rastına çıxan Div sehrlidir. O, əvvəlcə Meşə pərisi, sonra Dovşan və Odunçu Baba cildlərinə girərək uşaqları aldatmağa nail olur və öz mağarasına aparır. Evlərində qurulan bayram şənliyinə tələsən Cırtdanın və onun dostlarının başına nə məcəralar gəlir, uşaqlar Cırtdanın qoçaqlığı və ağlı sayəsində Divin tilsimindən necə xilas olurlar? “Cırtdanın sərgüzəştləri” tamaşasına baxanlar bu sualların cavabını tapa biləcəklər. Qeyd edim ki, həm də tamaşada geniş istifadə olunan ibrətamiz kəlamlar, atalar sözləri vasitəsilə balaca tamaşaçılarımızı böyüklərin sözünə qulaq asmağa, təbiəti sevməyə, ağacları sındırmamağa, dostluğa sədaqətli olmağa çağırırıq ”, - deyə tamaşanın quruluşçu rejissoru Ayla Osmanova fikirlərini bildirib.

Səhnə əsərində Əməkdar artist Novruz Əliyev, Məhərrəm Qurbanov, aktyorlar Gülnarə Əzizova, Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev və Əli Kərimovun ifasında uşaqlar biri-birindən maraqlı qəhrəmanlarla (Cırtdan, Div, Şaxta baba, Qar qız, Meşə Pərisi, Odunçu baba, Çiçək, Mustafa) tanış olacaq və onlara birgə möcüzələr aləminə səyahət edəcəklər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissoru assistenti Tamilla Aslanovadır.

Bundan başqa Musiqili Teatr Yeni ilin ilk günlərini övladları ilə xoş ovqatla və yaddaqalan keçirmək istəyənləri 2018-ci ilin dekabrın 28-dən başlayaraq 2019-cu il yanvarın 6-dək davam edəcək bayram şənliklərinə də dəvət edir. Qiyməti 8 manat olan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, “iticket.az” saytın-dan əldə etmək olar.

28.11.2018 16:55 / Baxılıb: 248 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo