Bakıda İtaliya-Azərbaycan Film Festivalı keçiriləcək

Gələn il yanvarın 25-30-da Bakıda İtaliya-Azərbaycan Film Festivalı keçiriləcək.

Azadinform xəbər verir ki, festival Azərbaycan Mədəniyyət Nazirliyi, İtaliyanın aparıcı film istehsalçısı “IMAGO Group” və “SANDRO TETİ Editore” nəşriyyat evinin təşkilatçılığı ilə “United Cultures” ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Festivalın məqsədi Azərbaycanda kinematoqrafiyanın keçmişi, bu günü və gələcəyini təbliğ etməkdir.

Bununla bağlı “The Landmark Hotel”in CineClub zalında bu gün keçirilən mətbuat konfransında Mədəniyyət Nazirliyinin nümayəndəsi Cəmil Quliyev bildirib ki, Nazirlik hər zaman ölkədə keçirilən mədəni tədbirlərə dəstək verir: "Müxtəlif xalqların mədəniyyətlərinin Azərbaycanda təbliği hər zaman prioritet məsələlərdən biri olub. Festival Azərbaycan-İtaliya dostluq münasibətlərini daha da gücləndirəcək".

Gündə iki dəfə Nizami Kino Mərkəzində nümayiş olunacaq filmlər İtalyan, Azərbaycan və beynəlxalq olmaqla 3 bölmədə təşkil ediləcək və mükafatlandırmalar da buna uyğun aparılacaq. Təqdim olunacaq filmlər dini, milli və irqi ayrı-seçkiliyə yol verməməlidir. Azərbaycan və İtaliya tərəfindən münsiflər olacaq və mükafatlandırma qala gecəsində baş tutacaq. 

Konfransdan sonra Yunan həftəsi çərçivəsində İtaliyanın məşhur rejissoru Claudio Rossi Massiminin çəkdiyi “La Sindrome di Antonio” (Antonyonun sindromu) filmi Azərbaycan ictimaiyyətinə təqdim olunub.

Dünyanın hər yerindən gələn aktyor və rejissorlar bu tədbirdə görkəmli mədəniyyət xadimləri kimi iştirak edəcəklər. Festival çərçivəsində seminarlar, debatlar, məlumat və fikir mübadiləsi tədbirləri, iki ölkənin film sənayeləri arasında kommersiya mübadilələri həyata keçiriləcək.

27.11.2018 20:12 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo