Azərbaycan-Belarus münasibətlərinin böyük gələcəyi var

Ləman Hüseynzadə / AZADİNFORM. “Prezident İlham Əliyevin Belarusa səfəri uğurlu oldu. Bu uğurun tarixçəsi var. İkitərəfli münasibətlər 2006-cı ildən bəri sürətlə inkişaf edir. 2006-cı ildə ölkə başçımızın Belarusiyaya səfəri baş tutub. 2010-cu ildən bu münasibətlərin yeni mərhələsi başlayıb. Çünki 2010-cu ilin yayında Belarusiyada enerji böhranı başladı. Bu böhranın aradan qaldırılması üçün həmin vaxt Azərbaycan Belarusiyaya güzəştli kredit ayırıb. Bunun nəticəsində Belarusiyanın enerji sistemi böhrandan çıxıb. Bunu Belarus tərəfi tez-tez vurğulayır”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, Belarus rəhbərliyi Azərbaycanla iqtisadi əməkdaşlığa xüsusi önəm verir: “Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur, o cümlədən maşınqayırma, neft kimya, kənd təsərrüfatı sahəsində də münasibətlər inkişaf etdirilir. Maşınqayırma sahəsində kooperasiya elementləri də var. Çünki Gəncə maşınqayırma zavodunda Belarusiyanın kənd təsərrüfatı texnikası istehsal olunur. İndi isə tərəflər belə qərara gəliblər ki, bu texnikanı üçüncü ölkəyə satsınlar. Bu da əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması deməkdir”. 

Politoloq qeyd edib ki, hərbi-texniki əməkdaşlıq həm Azərbaycan, həm də Belarus üçün vacibdir: “Azərbaycan üçün ona görə vacibdir ki, Belarusiyadan alınan hərbi texnika keyfiyyət baxımından çox yüksək səviyyədədir, qiymət etibarı ilə isə olduqca münasibdir. Digər ölkələrin hərbi texnikaları ilə çox rəqabətlidirlər. Belarusiyadan təxminən 2000-ci ilin əvvəllərindən hərbi texnikanı alırıq. Artıq 15 ildən çoxdur. Bu müddət ərzində heç bir problem yaranmayıb. Azərbaycan Belarus üçün çox vacib tərəfdaşdır. Prezident İlham Əliyevin də dediyi kimi bu tərəfdaşlıq bizim üçün təqdirə layiq haldır və bu münasibətlərin hərbi, siyasi mahiyyətini yaxşı anlayaraq əməkdaşlığı davam etdirmək niyyətindəyik. Belarus hərbi texnika istehsalçısıdır, Azərbaycan isə alıcısıdır. Bu texnikanı Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün istifadə etmək niyyətindədir, Ermənistana hücum etmək, torpaqlarını zəbt etmək niyyətində deyil. Əksinə, Ermənistan Azərbaycan torpaqlarını zəbt edib. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Bunu Minsk də çox yaxşı başa düşür. Lukaşenko da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görürük. Minsk beynəlxalq prinsip və normalara uyğun hərəkət edir. Bu da onu göstərir ki, Azərbaycan-Belarus münasibətləri möhkəm əsasa söykənir və böyük gələcəyi var”.

21.11.2018 16:47 / Baxılıb: 382 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo