YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

AZADİNFORM. Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü ilə bağlı partiyanın mərkəzi qərargahında tədbir keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, bu gün YAP Azərbaycanın siyasi ab-havasının indikatoru rolunda oynayır. O deyib ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biridir. Bu siyasi təşkilat özünün 26 illik fəaliyyətindən məmnundur. Bu illər ərzində Azərbaycan regionda öz mövqeyini əhəmiyyətli dərəcədə artırıb.

Əli Əhmədov qeyd edib ki, bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib. Bu qədər vətəndaşın YAP-da birləşməsi Heydər Əliyev ideyalarına olan inamla bağlıdır.

YAP sədrinin müavini bildirib ki, Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır. Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri Prezident, partiyanın sədri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir.

Baş nazirin müavini Hacıbala Abutalıbov deyib ki, dövlətimizin başçısı İlham Əliyev ölkə iqtisadiyyatının tərəqqisinə xidmət edən sosial-iqtisadi proqramların gerçəkləşməsi prosesləri ilə yanaşı, milli mənəviyyatımızın təməl sütunlarından sayılan mədəniyyət siyasətinin hərtərəfli inkişafına da mühüm əhəmiyyət verir. Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən biri ölkəmizi əbədiyaşar məkana çevirmək məqsədilə Şərq dövlətçilik ənənələrinə xas olan şəkildə öz siyasi məktəbini yaratması olub. Ulu öndər bu siyasi məktəbin ən parlaq, layiqli nümayəndəsi İlham Əliyevi müasir Azərbaycanın bugünkü və gələcək inkişafı naminə hazırlayaraq siyasi arenaya çıxarıb.

Güclü azərbaycançılıq ideologiyasının əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatımızın bütün sahələrini əhatə edən uğurlu və məqsədyönlü islahatlar həyata keçirilib. Prezident İlham Əliyev müasir Azərbaycanda baş verən modernləşmə proseslərini düzgün məcraya yönəldərək yeni innovasiya və informasiya texnologiyalarının tətbiqi prosesinin daxili və qlobal mühitin tələblərinə uyğun səviyyədə gerçəkləşməsinə münbit şərait yaradıb.

Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova diqqətə çatdırıb ki, Azərbaycanda 25 il ərzində iqtidarda olan 26 yaşlı Yeni Azərbaycan Partiyası xalq tərəfindən dəstəklənir. Bu isə ölkəmizə inkişaf, çiçəklənmə gətirir. Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır. 26 il əvvəl Naxçıvanda təsis olunan YAP bütün bacarığımızı göstərə bilmək şansı qazandıran siyasi təşkilatdır. Bu tarixə nəzər saldıqda əvvələ qayıtmalı oluruq. O dövrdə ölkəmizdə siyasi sabitlik pozulduğundan partiyanın üzərinə böyük öhdəlik düşürdü. O zaman yaranan partiyalar bir şəxsin ətrafındakı birləşmədən uzağa gedə bilmədilər. Onlar nəinki problemlərin öhdəsindən gələ bilmədilər, əksinə, Azərbaycanı uçuruma yuvarladılar. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Bu gün qədirbilən xalqımız Ulu Öndərin bu addımını yüksək qiymətləndirir.

Milli Məclis sədrinin müavini bildirib ki, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi kursu uğurla davam etdirən, ölkəmizi daha da inkişafa aparan Prezident İlham Əliyevin fəaliyyətinin uğurlu nəticələri göz qabağındadır.

Daha sonra YAP Gənclər Təşkilatının üzvü Mehman Musayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

21.11.2018 15:30 / Baxılıb: 407 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo