Mehri dəmir yolunun açılması 7 rayonun işğaldan azad olunması deməkdir

Aygün Nəbiyeva / AZADİNFORM. “Hazırda Qarabağ münaqişəsinin tənzimlənməsində ümumilikdə Azərbaycanın xeyrinə dəyişikliklər var”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı” adlı mətbuat konfransda deyib.

O bildirib ki, ermənilər Fransanı Azərbaycanpərəst hesab edir: “Fransa Rusiyadan sonra ATƏT-in ikinci üzvüdür ki, Azərbaycana hərbi texnologiya verir. Dağlıq Qarabağ tənzimlənməsindəki yeni məzmunlu aktiv dinamizm keyfiyyət dəyişikliyinə gətirib çıxara bilər. Bu keyfiyyət dəyişikliyinin istiqamətini müəyyənləşdirmək çətindir. Düşənbədə MDB sammiti çərçivəsində Nikol Paşinyanla Prezident İlham Əliyev arasında qeyri-formal şəraitdə bir neçə dəfə görüşün baş tutması, MDB icraiyyə komitəsinin katibi S.Lebedevin açıqlaması çox vacib mənbədir. Ölkə başçısı İlham Əliyevlə N.Paşinyanın operativ əlaqənin qurulması ilə yanaşı, görünür, tənzimlənmənin strateji əsasları barədə ümumi fikirlər mübadiləsi olub. Bu işdə Putinin müstəsna rolunu görürük. Putinin əsas məqsədi Ermənistanı Rusiyaya daha çox bağlamaqdır. Bunun üçün yeganə mümkün variant Mehri dəmir yolunun açılmasıdır. Mehri dəmir yolunun açılması 7 rayonun işğaldan azad olunması anlamındadır. Rusiyanın belə aktivliyini həm də Qərbin aktivləşməsinə reaksiya kimi də görmək olar”.

“R.Millzin Dağlıq Qarabağla əlaqəli bəyanatını N.Paşinyan “vəzifədən gedən səfirin bəyanatı” kimi qiymətləndirdi”, - deyən politoloq əlavə edib ki, bu, N.Paşinyanın özünü aldatmasının və ya qısa yaddaşızlığının əlamətidir: “ABŞ Dövlət Katibinin Avrasiya məsələləri üzrə yardımçısı C.Kent də Ermənistanda olarkən Dağlıq Qarabağ məsələsini müzakirə etdi, Dağlıq Qarabağın danışıqlara tərəf kimi qatılması ilə bağlı suala cavabdan yayındı. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri C.Boltonun Yerevandakı görüşlər zamanı Dağlıq Qarabağ tənzimlənməsi barədə verdiyi bəyanatlar yeni abı-hava yaratdı. Boltonun fikrinə görə, N.Paşinyanın reytinqi yüksəkdir. Növbədənkənar parlament seçkilərindən sonra onun yüksək reytinqi Dağlıq Qarabağ tənzimlənməsinə kömək edə bilər. Boltonun Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda üçüncü tezisi daha kəsərli və Ermənistana konkret yönəlik idi. Ermənistan üçün xarici təzyiqi zəiflətməyin yaxşı yolu Dağlıq Qarabağ münaqişəsini həll etməkdir. A.Merkelin Yerevanda Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinin məsuliyyətini üzərinə götürməyə hazır olduğunu bəyan etməsi də indiki aktivliyin əsas mənbələrindən biridir. Dağlıq Qarabağ tənzimlənməsi barədə Ermənistanda açıqlanan məlumatlar beynəlxalq aləmdə də rəyin formalaşmasına təsir etmək gücündədir. N.Paşinyan ərazilərin Azərbaycana qaytarılacağını ATƏT MQ-nin sənədində yazıldığını bildirdi. Eks-prezident R.Köçəryan da ərazilərin Azərbaycana qaytarılmasının gündəlikdə olduğunu etiraf etdi. Bütün bu bəyanatlardan Ermənistandakı xarici diplomatların xəbəri var. Rusiyanın baş verənlərə münasibəti dinamizmlə bağlı qapalı dairə yaradıb. ABŞ və digər aktivliklərdən qıcıqlanan, narahat olan Rusiya özü müəyyən addımlar atır. Bu, nəticədə dinamizmin daha da məqsədyönlü formalaşmasına şərait yaradır”.

21.11.2018 14:30 / Baxılıb: 318 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo