Şagirdlərə özlərindən ağır yük vermək nə dərəcədə düzdür? Cavabı ekspert verir

Aygün Nəbiyeva / AZADİNFORM. Çox oxuyan çox bilər. Bəs çox yüklənən şagirdlərin aqibəti necə olar? Gələcəyimiz bildiyimiz şagirdlər bu ağır yüklə hara qədər gedə bilərlər?!

Əlbəttə ki, insan hər yaşında müxtəlif ölçülü qavrama bacarığına sahib olur. Beynin qavrama limiti dolduqdan sonra olanlar isə əbəsdir. Mövzuyla bağlı dəfələrlə müzakirələr aparılıb, qənaətlərə gəlinib. Amma təəssüf ki, bu mövzu dünən də aktual idi, bu gün də. İndiki dövrdə şagirdlərin dərs yükləri çox olmaqla yanaşı, həm də əlavə dərs vəsaitləri ilə yüklənirlər. Və təəssüf ki, bəzən bu əlavə dərs vəsaitlərini şagirdlər təhsil müəssisələrinin israrlı məcburiyyətindən sonra almalı olurlar.

 

İş dəftərləri, test bankları və bu kimi digər dərs vəsaitlərinin mənfi və müsbət cəhətləri nələrdir?

 

Mövzunu Azadinform-un suallarına Əməkdar müəllim, təhsil məsələləri üzrə ekspert Almaz Həsrətin verdiyi cavablarla davam etdiririk. O bildirib ki, illər öncə təhsil müəssisələrində tədrisin daha mükəmməl, məzmunun daha asan yolla öyrədilməsi üçün bir çox vasitələrdən istifadə olunurdu: “Müasir dövrümüzdə diqqət etsək dərslərin mənimsənilməsində dərs vəsaitindəki məzmundan fərqli olaraq əlavə dərs vəsaitlərdən də, məsələn, son dövrün ən çox tələb olunan test vəsaitləri, test toplusu, kitabçalar və digər dərs vəsaitlərindən istifadə olunmasına ehtiyac duyulmuşdur. Hər bir mövzunun keçirilməsində ən önəmlisi odur ki, yeni təlim proqramı olan kurikulumların keçirilməsi zamanı müəyyənləşdirilmiş standartın reallaşdırılmasıdır. Bir standart verilir və bu standartın reallaşdırılması üçün məzmunun test və ya digər açıq suallar vasitəsi ilə şagirdlərin bilik və bacarığının hansı səviyyədə olması yoxlanılır”. 

Son illər yeni təlim proqramı olan kurikulumların tətbiqi ilə yazılan son dərsliklərdə çoxlu qüsurlar var və bu qüsurlar illər boyu davam edir. Nümunə olaraq mən öz ixtisasım üzrə olan biologiya fənnini deyə bilərəm ki, bu dərslik artıq son illər ərzində elmi və redaktə səhvləri bol olan qüsurlarla çap olunur və məktəblərdə şagirdlərin ixtiyarına verilir, - deyən müəllim əlavə edib ki, bu, böyük təəssüf hissi yaradır: “Çünki diqqət etsək görəcəyik ki, dərsliklərin hazırlanmasında, ümumiyyətlə, seçimdə müəyyən qüsurlar var. Nəşriyyatlar tərəfindən seçilən müəllif özü komanda yaradır, başlayırlar dərslik yazmağa və bu dərsliyi yazan müəllif heyətinin içərisində nə psixoloq olur, nə ixtisasını daha dəqiq bilən peşəkar müəllim, nə də elm adamı. Ona görə də adi orta məktəblərdə dost, rəfiqə olanlar toplanıb dərslik hazırlayır və bu qalib kimi elan olunur. Bu prosesdən sonra Təhsil Nazirliyinin saytında ictimai müzakirəyə qoyulur. İctimai müzakirəyə ən azı iki dərslik qoyulmalıdır. Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişəm, təklif vermişəm ki, həmişə müzakirə olunası iş varsa, onun eynisi ikinci variantı da göstərilməlidir. Neçə dərslik yazılacaqsa onun hamısı müzakirəyə qoyulsun, ictimai müzakirəyə veriləndən sonra ən çox bal toplayan, daha sanballı, yüksək meyarları özündə daşıyan ekspertlərin yoxlanmasına verilsin. Həmin dərslik seçildikdən sonra Dövlət İmtahan Mərkəzi, ali müəssisələr, oradakı elm adamları, psixoloqlar, orta məktəb müəllimlərindən ibarət bir mükəmməl ekspert komandasına təhvil verilməlidir. Dərsliyin daha keyfiyyətli olmasını istəyiriksə bu ekspert komandasının köməkliyi ilə buna nail olub uğur əldə edə bilərik. Təəssüflər ki, belə bir sistemlə standartı müəyyənləşdirə biləcək məzmun axtarır və məhz o məzmun şagirdə ötürülür. Bundan sonra şagirdlər müəyyən dərəcədə yüksək səviyyədə hazırlaşa bilirlər. Yəni əlavə dərs vəsaitlərinin istifadəsi dərsliklərdəki əlavə qüsurlarla əlaqədardır. Bəlkə indi müəyyən addımlar atılır, son dövrdə daha mükəmməl və keyfiyyətli dərsliklərin hazırlanması üçün müəyyən işlər görülür ki, bu işlər öz keyfiyyətini itirməsin. Bundan sonra asanlıqla onun bilikləri müəyyən vasitələrdən istifadə olunmaqla yoxlanıla bilsin”. 

Əlavə vəsaitlərdən nə üçün istifadə edildiyi barədə danışan ekspert qeyd edib ki, buna səbəb dərsliklərin həqiqətən də çox qüsurlu olmasıdır: “Dərslik mükəmməl olarsa əlavə vəsaitlərə heç vaxt ehtiyac olmur. Köhnə dərslikləri öyrəndikdən sonra şagirdlər qəbul imtahanlarını asanlıqla verə bilirdilər. İndiki dərsliklərdə olan bu qüsurlar nə qədər aradan qaldırılmayıb əlavə vasitələrə, test toplumlarına, digər mətnlə bağlı olan vasitələrə çox böyük ehtiyac duyulacaq. Çünki son illər hazırlanan dərslikləri şagirdlər sərbəst oxuya bilmir, istifadə edə bilmirlər, nəinki şagirdlər, əksər müəllimlərin özləri də əziyyət çəkirlər. Ona görə də ən vacib standartın reallaşdırılması üçün müəllim məcbur olur bəzən dərsliyi kənara qoyur”.

20.11.2018 14:20 / Baxılıb: 335 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo