İtaliyanın Azərbaycandakı səfiri Aİİ-də olub Fotolar

Samir Soltanov/AZADİNFORM. İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Auqusto Massari Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub. 

Azadinform xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin, hörmətin və qarşılıqlı etimadın yüksək səviyyəsindən məmnunluğunu, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu ifadə edib.  İnstitut haqqında səfirə geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı mübadilələrin həyata keçirilməsinə böyük önəm verdiyini bildirib. 

C. Məmmədov dünyanın inkişaf etmiş dövlətləri arasında olan İtaliya Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının əlahiddə maraq kəsb etdiyini bildirib. İtaliya universitetləri ilə əməkdaşlıqdan söz açan C. Məmmədov xüsusi olaraq vurğulayıb ki, “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi qabaqcıl təhsil müəssisələrindən  biri də məhz İtaliyanın “La Sapienza” Universitetidir ki, Aİİ bu tədris ocağı ilə qarşılıqlı əlaqələr qurmaqda maraqlıdır. 

Aİİ rəhbərliyinə səmimi təşəkkürlərini ifadə edən səfir Auqusto Massari yeni yaradılmış İlahiyyat İnstitutuna müvəffəqiyyətlər arzulayıb, belə bir İnstitutun yaradılmasını dünyada sülhün, təhlükəsizliyin bərqərar olmasına böyük töhfə adlandırıb. Səslənən təklifləri müsbət qarşıladığını söyləyən səfir, əlaqələrin qurulması üçün mühüm addımlar atılmasının vacibliyini, qarşılıqlı münasibətlərin daha yüksək səviyyədə inkişaf etməsinə səy göstərməyə hazır olduğunu bildirib.  

Daha sonra səfir Auqusto Massari Aİİ-nin tələbələri ilə görüşüb. Aİİ rektoru görüş zamanı Azərbaycan-İtaliya ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən, bu sahədə Ulu Öndər Heydər Əliyevin qoyduğu irsi Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məqsədyönlü surətdə  davam etdirməsindən söz açıb. 

C. Məmmədov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Prezidenti olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsi, şübhəsiz, böyük hadisədir və tarix durduqca yaşayacaq, nəsillərə ərməğan ediləcək.  

İtaliyada təhsil imkanlarını tələbələrin diqqətinə çatdıran Aİİ rektoru bu ölkədə  din sahəsində ixtisaslaşmış müxtəlif universitetlərin olduğunu qeyd edib. 

Səfir Auqusto Massari iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib.  O bildirib ki, Azərbaycana ilk gəldiyi zaman dini liderlərlə görüşüb, Azərbaycanda mövcud olan multikultural mühitdən məmnunluğunu ifadə edib. Din insanları, cəmiyyəti anlamaq, müxtəlif etiqadlı şəxslərin dinc birgəyaşayışını təmin edən faktorlardan biridir. 

19.11.2018 19:00 / Baxılıb: 77 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
13.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo