İlham Əliyev: Azərbaycanda Belarus haqqında danışanda cəmiyyətdə çox müsbət hisslər yaranır

Adəm Abbaslı/AZADİNFORM. Yenidən qardaş Belarus torpağında olmağıma çox şadam. Bildiyiniz kimi, bu, Sizin ölkənizə mənim ilk səfərim deyil. Mən Belarusda tez-tez oluram, Siz də Azərbaycana tez-tez rəsmi səfərlər edirsiniz. Bu, bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir. Bu əlaqələrin çox mühüm tarixi aspekti var. Xalqlarımız onilliklər boyu bir-biri ilə fəal ünsiyyətdə olub, əməkdaşlıq ediblər, müstəqillik dövründə isə bu əməkdaşlıq, əlbəttə ki, tamamilə yeni səviyyəyə çatıb”.

Azadinform xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Belarus prezidenti ilə Minskdə keçirilən təkbətək görüşündə deyib. Azərbaycan Prezidenti bildirib ki, bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır: “Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər, Azərbaycanda isə Belarusu həqiqətən qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər. Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları - bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir. Hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var. Yəni, biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük və əlbəttə, əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. Əminəm ki, bu gün biz bu istiqamətdə mühüm qərarlar qəbul edəcəyik.

Fürsətdən istifadə edib Sizi özünüz üçün münasib vaxtda Azərbaycana növbəti rəsmi səfərə dəvət etmək istərdim. Qonaqpərvərliyə və dəvətə görə bir daha sağ olun”.

19.11.2018 15:32 / Baxılıb: 627 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo